Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsi – 5 ünvanının qonşuluğunda qanunsuz qeyri-yaşayış obyekti inşa olunur. Redaksiyamıza təqdim olunan foto-vido-materiallardan görünən odur ki, hasarlanmış ərazidə iri texnikanın (buldozer və avto-kranın) və qeyri-leqal əmək qeüvvəsinin cəlb edilməsi yolu ilə inşa olunan obyektin yeri (kotlovan) qazılarkən svay qatı vurulmayıb. Halbuki, svay işləri inşaat sahəsində layihənin təməlində təyin olunan strukturların dayanıqlığını və istilik şəraitlərində təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli bir mərhələdir. Bu işlərin düzgün şəkildə həyata keçirilməsi layihənin müvafiq funksiyalarını və tələblərini yerinə yetirməsini təmin edir. Bu neqativ hal isə qonşuluqda yaşayan sakinləri narahat edir. Onların sözlərinə görə, artıq onların evlərinin altından torpaq sürüşməyə başlayıb.
Həmçinin bildirilir ki, obyektin inşası üçün nə Şəhərsalma və Arxitektira Komitəsinin, nə də Fövqəladə Hallar Nazirliyinin sözügedən əraziyə nəzarət edən Sumqayıt Regional Mərkəzinin icazəsi var. Olsa-olsa, sahibkarın əlində obyektaltı torpaq üçün “çıxarış” sənədi ola bilər.
O da bəllidir ki, hazırki Azərbaycan reallığında bir daşın üstünə daş qoyulan kimi əlaqədar qurumların, o cümlədən, yuxarıda adlarınıə çəkdiyimiz hökumət strukturlarının xəbəri olur (Nəzərə alaq ki, “yerin də qulağı var” zərb-məsəli Azərbaycan xalqına məxsusdur). Bu məntiqlə yanaşsaq, deməli, göz yumublar. Cəmiyyətimizdə özünü korluğa vurmaq isə təmənnasız olmur.
Nyus.Az