“Pilgrim” Təhsil Şirkətinin fəaliyyətindən narazı qaldıqlarını bildirən bir neçə vətəndaş redaksiyamıza müraciət edərək şirkətin göstərdiyi xidmətlərlə bağlı problemlər yaşadıqlarını iddia ediblər.
Redaksiyaya müraciət edən şikayətçilərin sözlərinə görə, xaricdə təhsil və universitetlərə qəbul xidmətləri adı altında şirkətə müxtəlif məbləğlərdə ödənişlər edilsə də, sonradan vəd olunan xidmətlər tam həcmdə göstərilməyib və ödənilən vəsaitlərin geri qaytarılması ilə bağlı müraciətlər nəticəsiz qalıb.
Şikayətçilərdən biri bildirib ki, xaricdə magistratura təhsili almaq məqsədilə Pilgrim Təhsil Şirkəti ilə əməkdaşlığa başlayıb və şirkətə 2200 manat ödəniş edib. Onun sözlərinə görə, şirkət tərəfindən universitetlərə müraciətlərin ediləcəyi, qəbul prosesinin peşəkar şəkildə idarə olunacağı və lazımi dəstəyin göstəriləcəyi vəd olunsa da, sonradan bu öhdəliklər tam yerinə yetirilməyib.
Şikayətçi qeyd edir ki, nəticədə yalnız şirkətə ödədiyi vəsaiti deyil, eyni zamanda sənədlərin hazırlanması, tərcümə və təsdiq xərcləri, dil imtahanı və digər müraciətlərlə bağlı əlavə maliyyə itkiləri də yaşayıb.
Digər şikayətçi Gülnar Ramazanova isə “Pilgrim Education” şirkətinə ümumilikdə 9 min manat ödədiyini bildirir. Onun sözlərinə görə, ödənişlərə baxmayaraq, təqdim olunan xidmətlərlə bağlı ciddi problemlər yaranıb və bu günə qədər vəsaitinin geri qaytarılması təmin edilməyib.
Gülnar Ramazanova iddia edir ki, məsələ ilə bağlı dəfələrlə şirkətə müraciət etsə də, problemin həlli istiqamətində nəticə əldə olunmayıb. O, həmçinin aidiyyəti dövlət qurumlarına və Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdiyini, lakin hazırda məsələnin açıq qaldığını bildirib.
Şikayətçilərin sözlərinə görə, onların əlində ödəniş qəbzləri, bank köçürmələri, yazışmalar və digər sübutlar mövcuddur. Müraciət edən şəxslər bu sənədləri aidiyyəti qurumlara təqdim etməyə hazır olduqlarını qeyd edirlər.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilib ki, oxşar problemlərlə üzləşdiyini iddia edən digər şəxslər də mövcuddur. Şikayətçilər hesab edirlər ki, məsələnin təkcə ayrı-ayrı şəxslərin deyil, daha geniş tələbə auditoriyasının hüquqlarına təsir edə biləcəyi ehtimalı var və buna görə də aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Şikayətçilər məsələ ilə bağlı hüquqi qiymət verilməsini, iddiaların araşdırılmasını və zərər çəkdiklərini düşündükləri şəxslərin hüquqlarının qorunmasını xahiş edirlər.
Məlumatımıza görə, şirkətin rəhbəri Aisa Aslanovadır.
Qeyd edək ki, səsləndirilən iddialar şikayətçilərin mövqeyini əks etdirir. Redaksiyamız məsələ ilə bağlı “Pilgrim” Təhsil Şirkətinin və adları hallandırılan şəxslərin mövqeyini dərc etməyə hazırdır.
Mınbə: “Xəbərsiz. Media”
