“Bu gün həm qlobal miqyasda, həm də ölkəmizdə təbii artımda, demoqrafik inkişafda ləngimə müşahidə olunur”.
Bu fikirləri News24.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev səsləndirib. Onun sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan və cəmiyyət qlobal inteqrasiya prosesinə başladıqdan sonra çoxuşaqlılıq tendensiyası zəifləyib:
“Anladıq ki, uşaq az, amma keyfiyyətli olmalıdır. Bu yanaşma ailə planlamasına da təsir etdi”.
Sosioloq qeyd edib ki, hazırda həm dünyada, həm də Azərbaycanda düşüncə tərzi dəyişib:
“İnsanlar daha eqoist və özünü düşünən olublar. Uşaq məsuliyyətini üzərinə götürmədən, rahat həyat yaşamağa üstünlük verirlər. Bu səbəbdən ailələr 1, 2, ən yaxşı halda 3 uşaqla kifayətlənir”.
Üzeyir Şəfiyev onu da xatırladıb ki, son zamanlar Milli Məclisdə çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı qanun dəyişikliyi müzakirə olunur:
“Əgər bu dəyişiklik qəbul olunarsa, 3 uşaqlı ailələrə də imtiyazların şamil olunması təbii artıma müsbət təsir göstərə bilər. Bununla yanaşı, uşaq pulunun bərpası da demoqrafik siyasətə dəstək ola bilər”.