Xəbər

Azərbaycanla Aİ arasında MÜHÜM danışıqlar - yeni sazişlər gündəmdə

post-img

Prezident İlham Əliyev “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır.

“Biz bu ildən Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Bu, bizim ümumi strategiyamızın tərkib hissəsidir ki, Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirək. Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Bəli, biz artıq 16 ölkəyə boru kəmərləri ilə qaz nəql edirik. Bu baxımdan bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək. Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqlar aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırıla bilən mənbədir və bizim 10 il bundan öncə ilə müqayisə etsək, rolumuz daha vacibdir”, - deyə o qeyd edib.

Dövlət başçısı həmçinin, deyib ki, Azərbaycana uzunmüddətli kontraktlar lazımdır. "Bizin hasilatı kəskin şəkildə artırmaq üçün böyük sərmayəyə ehtiyacımız var və hansısa bir mərhələdə bizə deyilsə ki, “sağ olun, artıq sizin qazınıza ehtiyacımız yoxdur”, bu, qəbul edilməz olar", deyə Prezident vurğulayıb.

Deputat Vüqar Bayramov Musavat.com-a bildirib ki, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa İttifaqı olduğu üçün yeni investisiyalar da Aİ ölkələrindən gözlənilir:

“IV Şuşa Qlobal Media Forumunun açılışı mərasimində cənab prezident bir neçə strateji məqama toxundu. Avropa İttifaqı ilə münasibətlər, Azərbaycan enerji resurslarının ixracı vacib məqamlardandır. Cənab prezidentin dediyi kimi, Azərbaycan üçün uzunmüddətli kontraktlar çox önəmlidir. Yeni yataqların işlənməsi, xüsusilə təbii qaz ixracatı yeni investisiyalar cəlb edilməsi üçün uzunmüddətli kontraktlarla tənzimlənən bazarların olmasına ehtiyac var. Əlbəttə ki, yeni müqavilələr yeni öhdəliklər deməkdir. Hazırda Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır, enerji resurslarımız əsasən Avropa bazarlarına ixrac olunur. Bu baxımdan yeni müqavilələrin Avropa İttifaqı ölkələri ilə bağlanması çox vacibdir. Alıcı ölkələr yeni kontraktlarla uzunmüddətli öhdəlik götürə bilərlər. Bu öhdəliklər fonunda daha böyük sərmayə qoyuluşlarının həyata keçirilməsi ilə bu istiqamətdə yeni hasilat sahələrinin yaradılması mümkündür. Buna görə də uzunmüddətli müqavilələr önəmlidir. Bir sözlə, yeni müqavilələrin bağlanması bir tərəfdən Azərbaycanın ixracatı daha da genişləndirməsinə, digər tərəfdən isə yeni sərmayələrin cəlb edilməsinə imkan yaradacaq”.

Oxşar xəbərlər