Xəbər

İrəvan Bakının şərtini qəbul etdi - bundan sonra…

post-img

Xəbər verildiyi kimi, Ermənistanda konstitusiya layihəsi dərc olunub, mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Paytaxt.org erməni mediasına istinadən bildirir ki, baş nazir Nikol Paşinyan yeni konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına dair söz verib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev Musavat.com-a şərhində bildirib ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən ölkənin yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim edilməsi və sənədin preambulasında Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması baxımından mühüm siyasi hadisədir.

QcRHzIHCFwI7h6AzLvv16sokHc968KTbj4WrEmQ0_1200.jpg (96 KB)

Deputatın sözlərinə görə, bu, həm də Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülhün bərqərar olması üçün vacib siyasi-hüquqi addımdır:

“Azərbaycanın bu məsələdə mövqeyi əvvəldən aydın, ardıcıl və prinsipial olub. Ermənistanın hazırkı konstitusiyasının preambulasında istinad edilən 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinə dair ərazi iddiaları ilə bağlı müddəaların olması iki dövlət arasında sülhün hüquqi əsasları üçün ciddi maneə kimi qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusion-hüquqi çərçivəsində Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Dövlətimizin başçısının bu prinsipial və ardıcıl mövqeyi sülh prosesinin etibarlı hüquqi əsaslar üzərində qurulmasına, gələcəkdə ərazi iddialarının qaldırılmamasına xidmət edir. Möhkəm hüquqi təməl üzərində qurulmuş sülh həm də revanşist meyillərin yenidən ortaya çıxmasının qarşısının alınmasında ciddi institusional əsas ola bilər. Bu baxımdan artıq ictimaiyyətə açıqlanmış yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın olmaması Azərbaycanın uzun müddətdir gündəmə gətirdiyi əsas məsələlərdən birinin həlli istiqamətində konkret və müsbət addımdır. Eyni zamanda, layihədə sülhün xarici siyasətin prioriteti kimi müəyyənləşdirilməsi, bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin qurulmasının vurğulanması da diqqətəlayiqdir. Bu müddəalar Ermənistanın siyasi-hüquqi yanaşmasında qarşıdurma məntiqindən əməkdaşlıq və sülh gündəliyinə keçid baxımından əhəmiyyətli siqnal kimi dəyərləndirilə bilər”.

R.Nəbiyev vurğulayıb ki, yeni konstitusiya layihəsinin preambulasında yer alan formulda iki mühüm dəyişiklik diqqəti cəlb edir:

“Müstəqillik Bəyannaməsinə istinadın olmaması və Ermənistan dövlətçiliyinin beynəlxalq səviyyədə tanınmış ərazi çərçivəsində müəyyənləşdirilməsi: “Biz, Ermənistan Respublikasının xalqı, dövlətçiliyimizin davamlılığı və inkişafı naminə, beynəlxalq səviyyədə tanınmış ərazimizdə müstəqil, dinc, təhlükəsiz və firavan dövlət qurmaq, bu dövləti nəsildən-nəslə ötürmək missiyasını rəhbər tutaraq Ermənistan Respublikasının Konstitusiyasını qəbul edirik”.

Bu məsələ həmçinin 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin həyata keçirilməsi kontekstində xüsusi əhəmiyyət daşıyır. Həmin tarixi sülh sammitində iki ölkənin xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini paraflayıb, tərəflər sənədin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyini təsdiqləyiblər. Vaşinqton Birgə Bəyannaməsinin mətnində sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində fəaliyyətin davam etdirilməsi, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, beynəlxalq sərhədlərin toxunulmazlığı və revanşizmin rədd edilməsi kimi prinsiplər xüsusi əhəmiyyət daşıyır. Ermənistanın yeni konstitusiya layihəsində edilən dəyişiklik məhz bu prinsiplərin ölkənin ali hüquqi sənədində öz əksini tapması istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirilə bilər”.

Deputat qeyd edib ki, konstitusiya layihəsinin açıqlanması hələ onun hüquqi qüvvəyə minməsi demək deyil:

“Növbəti mərhələdə müvafiq konstitusion prosedurların tamamlanması və yeni konstitusiyanın qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Yalnız bu prosesin uğurla başa çatması Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişinin imzalanması və sonrakı ratifikasiyası yolundakı əsas maneənin aradan qaldırılmasına imkan yaradacaq. Sazişin qüvvəyə minməsi hazırkı de-fakto sülhün de-yure sülhə çevrilməsi üçün mühüm hüquqi-siyasi baza olacaq. Saziş həmçinin dövlətlərarası münasibətlərin normallaşdırılmasını sürətləndirəcək. Şübhəsiz ki, bu prosesin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi bütövlükdə Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsinə, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edəcək. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması və Vaşinqtonda razılaşdırılmış TRIPP təşəbbüsünün həyata keçirilməsi regionun beynəlxalq nəqliyyat və ticarət marşrutlarında rolunu daha da artıracaq. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbədən və 2023-cü ildə suverenliyini tam bərpa etdikdən sonra regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edib. Prezident İlham Əliyevin uzaqgörən, ardıcıl və prinsipial siyasəti nəticəsində formalaşmış yeni regional reallıqlar Cənubi Qafqazda qarşıdurma dövrünün arxada qalması və dövlətlərarası münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulması üçün tarixi imkan yaradıb. 

Beləliklə, Ermənistanın açıqlanmış yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Azərbaycan Prezidentinin uzun illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyin əhəmiyyətini bir daha təsdiqləyir. Bu addımın yekun hüquqi təsbitini tapması paraflanmış sülh sazişinin imzalanmasına və ratifikasiyasına, bununla da Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına mühüm töhfə verə bilər. Ən başlıcası isə bu, Cənubi Qafqazın qarşıdurma məkanından davamlı sülh, sabitlik, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq regionuna çevrilməsi yolunda tarixi mərhələ ola bilər”.Musavat.com

Oxşar xəbərlər