Gündəm

“İran Zəngəzur dəhlizinə imkan verməyəcək...” – İrəvandan arzu və Bakıdan REAKSİYA

post-img

ABŞ və İsrailin İrana qarşı ikinci müharibəsindən sonra Zəngəzur dəhlizi (TRIPP marşrutu) mövzusu vaxtaşırı müzakirə predmetinə çevrilir. İranın guya bu layihəyə ciddi əngəl yarada biləcəyi qeyd olunur. Hərçənd, Ermənistan baş naziri Nikol Paşinyan layihənin reallaşması yönündə artıq bu ilin payızında praktik addımlar atılacağını bəyan edib.

“5 ölkə ilə müharibədən sonra İran regional oyunçudan qlobal oyunçuya çevrilib. Ümumiyyətlə, avropalılar, İsrail və amerikalılar İranla razılığa gəlməlidirlər”. Musavat.com bildirir ki, bunu erməni revanşist ekspert Vladimir Poqosyan deyib. “İndi Paşinyan, Tramp, Moskva, Ankara və Bakı TRIPP-dən danışdığı üçün 100% əminliklə deyə bilərəm: bu marşrut açılmayacaq. Rusiyanın “ikinci cəbhə”yə gücü çatmaz. Tramp isə 42 kilometr üçün döyüşməyəcək. Türkiyə də (Ankara üçün İrandan keçən marşrut Ermənistandan keçməkdən daha məqbuldur). Azərbaycandan isə bəhs etməyəcəyəm – Bakı İranla çəkişəsi deyil ki? Tehran TRIPP marşrutunun açılmasına icazə verməyəcək və burada maraqlarımız uzlaşır”, - Poqosyan iddia edib.

Hadisələrin arxasında - Rusiyanın TRIPP-ə marağı nə ilə bağlıdır?

Yəni yenə İran, yenə Zəngəzur marşrutuna əngəl məsələsi. Poqosyan öz arzusunu dilə gətirir, yoxsa...

Professor Elxan Mirzəyev bəzi erməni ekspertlərin eyforiyaya qapıldığını düşünür. Onun fikrincə, İranın gücü şişirdilir: "Əgər bu münaqişə şəraitində Küveyt və ya Bəhreynə zərbələr endirilirsə, Tehranın öz simasını qorumaq məqsədi daşıyır. O baxımdan, İranın ABŞ liderinin adını daşıyan layihəyə əngəl olmaq cəsarəti yoxdur. Bu marşrut dünyanın güc mərkəzlərinin marağındadır. Onun açılmasına mane olmaq özünə qarşı cəbhə açmaq deməkdir. İranın istədiyi odur ki, bu yoldan pay qoparsın. Yəni dəhlizə qarşı çıxmır, sadəcə, dividend istəyir".

Professorun sözlərinə görə, Ermənistanda Rusiya və İranın ağzı ilə danışan ekspertlər az deyil: "Onlar inanıblar ki, İran logistikanın açılmasına imkan verməyəcək. Amma bunu necə edəcək? Söhbət ABŞ və Ermənistan razılaşmasından gedir. Rubio və Mirzoyan sənədi imzalayıblar və texniki tərəflərinin icrası başlamalıdır. Məncə, ilin sonuna qədər fərqli hadisələrin şahidi olacağıq, onda erməni ekspertlərin dediklərinə baxarıq".

E.Mirzəyev hesab edir ki, TRİPP layihəsi Avropa Birliyinin də marağındadır, Çinin də. "Rusiya və İran böyük güc itiriblər. Hər ikisi müharibələrdən yorulub. Bu da strateji layihələrin və mövqelərin əldən çıxması ilə nəticələnib. Bundan da Qərb - yəni ABŞ və Avropa İttifaqı istifadə edərək regionda təsir gücünü artırır. Rusiya Ukraynada, İran da Yaxın Şərqdə davam edən müharibədə nə qədər qan itirərsə, Qərb bir o dərəcədə Cənubi Qafqazda gücünü artıracaq. Bunun da bir yolu Zəngəzur dəhlizini işə salmaqdır. Çünki layihə reallaşanda, bölgəyə təsir imkanları da artaracaq. ABŞ isə sabitlik olmayan coğrafiyaya öz şirkətini yerləşdirməz. Əvvəlcə təhlükəsizlik təminatı olmalıdır. Odur ki, İran təxribata əl atarsa, cavabı ağır olar. Dediyim kimi, burada İranın əngəl olmaq niyyətindən daha çox dəhlizdən öz faydasını götürmək istəyi görünür".

Zəngəzur–Naxçıvan xətti: imperiya sərhədlərinin sonu - Turkustan.az

Siyasi təhlilçi Aqşin Kərimov isə hesab edir ki, İranın TRIPP marşrutuna görə hədə və təhdid dilini Ermənistanın üzərinə istiqamətləndirməsi regional perspektiv üçün fərqli impulslardır:
“İran bu motivasiyanı ABŞ-İsrail müttəfiqliyi ilə müharibənin nəticələrindən alaraq geosiyasi tənlikləri öz xeyrinə dəyişdirmək istəyir. İran hesab edir ki, ABŞ və İsraillə müharibədən qalib çıxıb və bu, Tehrana regionun taleyini idarə etmək üçün yaxşı imkanlar verir. Ancaq İranın indi Azərbaycan deyil, müttəfiq hesab etdiyi Ermənistanın üzərinə getməsi maraqlı tendensiyadır. Bu, çoxdan dediyimiz bir fikrin tədrici reallaşmasıdır: Bakı ilə Tehran İrəvanı qazanmaq uğrunda mübarizə aparır”.

Onun sözlərinə görə, proses Azərbaycanın geosiyasi bölgüdəki mənfəətini artırması ilə bağlıdır və indi Tehran hədəf trayektoriyasını İrəvana doğru strukturlaşdırır: “Bu, Azərbaycanın Rusiya və İran kimi oyunçuların Ermənistandakı nüfuz sərhədlərinin içərilərinə daxil olması anını əks etdirir. TRIPP marşrutu isə bu əməliyyatların modelini və nəticələrini asanlaşdıra biləcək potensiala çevrilir. Ancaq Rusiya ilə İranın TRIPP marşrutu ilə əlaqədar mövqeləri üst-üstə düşmür. Bunu bir neçə dəfə İranın hərbi-siyasi elitası açıq mətnlə gündəmə gətirib. Bununla paralel olaraq İran regionda daha güclü rəqiblərlə qarşıdurmasını idarə etmək üçün anti-Ermənistan strategiyasını hazırlayıb. Yəqin ki, bu, ən zəif olanın, yəni Ermənistanın üzərinə getməyin məcburi vasitə kimi nəzərə alınmasına söykənir. Zənnimcə, İranın hansı strategiya izlədiyi və onu necə kodlaşdırdığı ciddi şəkildə izlənilməli və təhlil edilməlidir. Çünki İranın mövqeyi Cənubi Qafqazda geosiyasi qarşıdurmalara son qoymaq əvəzinə, onu yeni bir mərhələyə keçirə bilər. Ancaq uzunmüddətli perspektivdə Tehranın Azərbaycanla əməkdaşlığın müsbət nəticələrinə köklənəcəyi qaçılmazdır”.

Emil Salamoğlu
Musavat.com

Oxşar xəbərlər