Analiz

Qarabağın adı Ermənistan Konstitusiyasına necə düşüb? - İLGİNC FAKTLAR

post-img

Azərbaycan növbəti dəfə sülh şərtini xatırladıb. Ermənistan Konstitusiyasında dəyişikliyin sülh üçün başlıca amil olduğu bəyan edilib. Şərtlərə əməl olunmadığı halda sülhün uzanması, proses ətrafında vaxt aparan müzakirələrin getməsi kimi lüzumsuz bir mənzərə də yarana bilər.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

Onun fikrincə, bu prosesdə kimlərsə, uzaq hədəfləri olan siyasi oyun aparır:

“İlk baxışdan bu çox sadə görünür. Tərəflərin müharibədən sonra barışması kimi asan məsələlərdən danışılır. Amma burada prosesi mürəkkəbləşdirməyə çalışan tərəflər çoxdur”.

Politoloq hesab edir ki, Ermənistan vaxtilə keçmiş sovet qanunları ilə belə uzlaşmayan “qərar”lar qəbul edib:

“Bu əsassız qərarlar Azərbaycanın maraqlarına ziddir. 1988-ci ildə Ermənistan ali soveti Qarabağı sovet Ermənistanın tərkibinə birləşdirməklə bağlı “qərar” çıxarmışdı. 1988-ci ilin iyununda SSRİ ali sovetinin rəyasət heyətinin iclasının qərarı Ermənistan ali sovetinin çıxardığı bu “qərarı” ləğv etdi. Keçmiş SSRİ-i konstitusiyasının 78-ci maddəsinə istinad edildi. Həmin maddədə qeyd edilirdi ki, müttəfiq respublikanın razılığı olmadan onun ərazisi dəyişdirilə bilməz. Həmin vaxt Azərbaycan ali soveti də Qarabağın Ermənistana birləşdirilməsinin əleyhinə olduğunu bildirib”.

Zərdüşt Əlizadə bildirib ki, daha sonra erməni avanturistlər Qarabağdakı separatçılarla birlikdə 1988-ci ildə qondarma bir rejimin yaradılması haqqında “qərar” qəbul etmişdilər:

“Beləliklə, 90-cı illərdə Ermənistan konstitusiyası qəbul edilərkən müstəqillik haqqında bəyanata istinad edildi. Burada da Ermənistanın ali soveti və Qarabağın vilayət soveti Qarabağla Ermənistanın birləşməsini nəzərdə tutub. Bunu da Ermənistan konstitusiyasında qeyd ediblər. İndiki halda Azərbaycan məhz bu əsassız müddəaların Ermənistan konstitusiyasından çıxarılmasını tələb edir”.

Oxşar xəbərlər