Region

Brüssel görüşü Ermənistana və regiona nə verdi?-TƏHLİL

post-img

Nəhayət ki, ABŞ-ın, Avropa İttifaqının və Ermənistanın aprelin 5-ə nəzərdə tutulan görüşü baş tutdu. Görüş ərəfəsində çox bəyanatlar və proqnozlar-müzakirələr oldu, hətta rəsmi dövlət adamlarının, ən yüksək çinli vəzifəlilərin müdaxilələri olmadan keçinilmədi – bu günlər ərzində Azərbaycanın siyasi və diplomatik strukturları da ən yüksək səviyyədə çalışdılar. Ordu və güc strukturlarımız sayıqlığı adi dövrlərlə müqayisədə bir az da atırdılar. Ona görə ki, Ermənistan bu dəfə də sərhəddə atəşkəsi pozdu...

Düşünürük ki, yazını bu detaldan başlamaq daha düzgün olardı, çünki belə əməllər otuz ildir ki, ermənilərin taktikasına çevrilib.
Bu dəfə də onlar belə etdilər. Belə ki, görüş ərəfəsi deyilirdi ki, guya ABŞ və Avropa İttifaqı Ermənistan üçün xüsusi “təhlükəsizlik paktı” hazırlayır və İrəvana lazım idi ki, bu ərəfədə “əyani şəkildə” göstərsin ki, guya Ermənistana Azərbaycan tərəfindən real hərbi təhdid var...

Amma Azərbaycanın da siyasi və diplomatik səyləri nəticəsiz qalmadı, ən son günlərdə məlum oldu ki, heç bir “təhlükəsizlik paktı” –filan imzalanmaycaq. Hətta ABŞ-ın dövlət katibi, Avropa İttifaqının təmsilçiləri Azərbaycan prezidentinə zəng edərək onu əmin etməyə çalışdılar ki, görüşdə Azərbaycanla bağlı heç nə müzakirə olunmaycaq və bu görüş Azərbaycana qarşı yönəlməyib, o, Ermənistanın iqtisadi problemlərinin həllinə, bu ölkədə aparılan siyasi-iqtisadi islahatlara həsr olunacaq...
resize.php.jpg (67 KB)

Bəli, ABŞ və Avropa İttifaqının rəsmilərinin bu vədlərini ciddi qəbul etmək olardı və elə indi də olar. Ona görə ki, hələ bir neçə ay bundan əvvəl Aİ rəsmisi Cozef Borell bildirmişdi ki, onlara Ermənistanda daha çox işləmək lazım gələcək və “iş” deyəndə o, İrəvanı Moskvanın təsir dairəsindən çıxarmağa yönələn səyləri nəzərdə tutmuşdu. Ona görə ki, Ermənistanda Rusiyanın həqiqətən də çox güclü “rıçaq”ları var və bu müstəvidə söhbət təkcə hərbi “rıçaq”lardan getmir, Ermənistan iqtisadiyyatının demək olar ki, böyük hissəsi Rusiyanın nəzarətindədir, bu ölkənin qazını-neftini Rusiya verir, hətta onun AES-ı da zəruri komponentlərlə təchiz edir. Bu baxımdan Paşinyan Ermənistanı digər sovet respublikalarının SSRİ-nin dağılması ərəfəsindəki vəziyyətindədir.

Amma burada bir ciddi məqam var. Siyasət və iqtisadiyyat biri-birilə bağlı, əlaqəli sferalardır. Ona görə də sual yaranır: Ermənistanın iqtisadi dirçəlişini, onun Rusiyanın iqtisadi ekspansiyasından qurtuluşunu bu ölkənin regional iqtisadiyyatında ciddi dəyişikliklər olmadan təsəvvür etmək, bu prosesi Azərbaycan və Türkiyə ilə yeni münasibətlər qurmadan həyata keçirmək mümkündürmü?

Biz bu konteksdə daim bir detalı xatırladırıq: ABŞ rəsmiləri hələ keçmiş prezident Donald Trampın dövründə o vaxt təzə hakimiyyətə gəlmiş Nikol Paşinyana birmənalı şəkildə demişdilər ki, problemlərinizi həll etmək istəyirsinizsə, regional siyasətinizi dəyişin! Amma o vaxt Paşinyan hələ “göylərdə uçurdu”, amma indi onu yerə qaytarmağın əsl vaxtı yetişməyibmi?..

Həm görüş ərəfəsində verilən yüksək vədlərə necə əməl edilməsini göstərmək, həm indicə toxunduğumuz məsələyə aydınlıq gətirmək üçün bir detalı da qeyd edək. ABŞ dövlət katibi E.Blinken mətbuat üçün bəyanatında Ermənistanın region dövlətləri ilə əlaqələrinin gücləndirilməsinin zəruriliyini qeyd etdi. Amma biz bunu Avropa İttifaqı rəsmilərinin dilindən eşitmədik. Avropa İttifaqı təmsilçisi bildirdi ki, onlar Ermənistanın Gürcüstanla əlaqələrinin gücləndirilməsinə çalışacaqlar!..

Bəli, beləcə, Azərbaycanın və Türkiyənin adını çəkmədilər. Halbuki xüsusən də Azərbaycanın adını çəkmək xüsusilə lazım idi, ona görə ki, Azərbaycanla Ermənistan arasında əsl sülh bərqərar olmadan nə bölgə içrə sülh mümkündür, nə də ki, Ermənistanın iqtisadi dirçəlişi!..

Əlbəttə, burada geosiyasi məqamları da sezməmək mümkün deyil. Belə ki, ABŞ və Aİ nə qədər desələr ki, aprel görüşünün məqsədi Ermənistana sırf iqtisadi dəstək vermək idi, əlbəttə ki, belə deyil, - bu geosiyasi məramlı tədbir idi və Aİ nahaq yerə İrəvanı Tiflisin “buksir”inə qoşmur, çünki hazırda Gürcüstan Avropa ilə inteqrasiyaya can atan ən öncül Cənubi Qafqaz ölkəsidir...

Görüşdən açıqlamalar bir azca lakonik oldu. Hətta deyildi ki, danışıqların böyük hissəsi məxfi olub. Əlbəttə, zaman keçdikcə başqa detallara da aydınlıq gələcək və məlum olacaq ki, İrəvana təxminən 350 milyon dollarlıq yardım Qərbin planlarının və hətta səxavət kisəsinin heç də hamısı deyil, hələ başqa məqsədlər də var. Burada belə bir məqamı da qeyd etmək lazımdır ki, dövlət adamları bir çox məsələlər haqqında daha informasiyalı olur. Bu baxımdan Azərbaycanın yüksək dövlət rəsmilərinin “Bölgədə yeni təhlükə ocağı yaradılır” deməsi əslində görüş haqda çox mənaları özündə ehtiva edir...
0d1fc9b489-Brussel-gorusu-hec-ne.jpg (49 KB)

Görüş ərəfəsində regionun digər geosiyasi aktorlarının da davranışı çox şey deyirdi. Qardaş Türkiyə həmişə olduğu kimi Azərbaycanın yanındadır və bu, aydındır. Rusiya diplomatik kanallarla ABŞ-ı və Aİ-ı “xam geosiyasi xəyallardan” çəkindirməyə çalışdı və ermənilər işarə vurdu ki, istəsəniz də, istəməsəniz də, siz bizim “müttəfiqimizsiniz”! O ki qaldı İrana, bu ölkə “susdu”, sanki özünün düşməni elan etdiyi Qərbin Ermənistana diffuziyasının fərqində deyildir. Amma Tehranın “susqunluğu”nun bir səbəbi budur ki, çox təəssüf, Ermənistandan fərqli olaraq Azərbaycanın hətta mövcudluğu İran üçün təhdid sayılır – hər halda, indiki İran rejimi belə hesab edir. Onlar üçün ən əsası odur ki, nə olursa-olsun, qoy, Azərbaycan üçün pis olsun! Bunu 44 günlük müharibədən sonra əyani şəkildə gördük: Tehran elə vəziyyətdə idi ki, sanki Bakı onun ərazilərini işğal edibdir! Həm də Tehran Bakıya yox, İrəvana daha çox inanır – guya ki, Ermənistanda kimin güclənməsinin ona dəxli yoxdur, əsas odur ki, bu, Azərbaycana qarşı yönəlsin! Ona görə də daha Rusiyanın Ermənistanda qalması və ya güclənməsi İranın Azərbaycanla bağlı gözləntilərinə cavab vermir, çünki son illərdə Moskvanın Bakıya qarşı siyasəti nisbətən dəyişibdir, o, daha əvvəlki kimi Ermənistanı “forpost” hesab etmir, hətta Ankara və Bakı ilə anlaşmağa çalışır. Həm də başqa detal da var burada.

Dünyada geosiyasi sövdələşmə də var. Hamı qlobal təhlükəni özündən sovuşdurmağa çalışır. İranda da fikirləşirlər ki, qoy, Rusiya ilə Qərb nə qədər istəyirlərsə, vuruşsunlar, ən əsası odur ki, bu iki nəhəng geosiyasi aktorun onlarla işi olmasın...
Hüseynbala Səlimov

Oxşar xəbərlər