MÜSAHİBƏ

“Qazi niyə Nazirliyin qapısında saxlanılmalıdır ki, şüşəni də sındırsın…” – Ədalət Verdiyevlə MÜSAHİBƏ

post-img

Gündəm.az-ın suallarını hərbi ekspert Ədalət Verdiyev cavablandırıb. 

Onunla müsahibəni təqdim edirik.


Ədalət Verdiyev: Füzuli əməliyyatı ordumuzun İkinci Qarabağ müharibəsində həyata keçirdiyi ən əhəmiyyətli əməliyyatlardan biridir - AZƏRTAC

– Ədalət bəy, bu gün bir qrup müharibə veteranı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının qapısını sındırmaq məcburiyyətində qalıblar. Nə baş verir? Hərbçiləri bu həddə kim çatdırır?

– Çox təəssüf edirəm ki, belə bir hadisə baş verib. Şüşəni sındırmaq, özünə xəsarət yetirmək və digər aqressiv hərəkətlər müharibə veteranına başucalığı gətirmir. Yəqin ki, baş verənlərlə bağlı müvafiq dövlət qurumları tədbir görəcək. Düşünmürəm ki, həmin qazilər qərardan razı qalacaq. Əgər müharibə veteranının hüquqları pozulubsa, bundan ötrü məhkəmələr var.

– Qazilər daha çox nədən narazıdırlar?


– Hərəsinin bir problemi ola bilər. Əlillik təyinatının olmaması, imtina cavabları, müayinələrin aparılmaması və s. narazılıqlar yaradır. Məndən çox müharibə veteranlarının, şəhid ailələrinin problemlərini səsləndirən yoxdur. 24 saat telefonum açıqdır. Bir neçə gün öncə İTV-də də problemləri səsləndirmişəm.

– Problemlər niyə həll olunmur?

– Burada dövlət orqanlarının da günahı az deyil. Müharibə veteranı, müharibə əlili, şəhid ailəsi qapının qarşısında saxlanmamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri niyə onları qəbul edib, vəziyyəti izah etmir? Mən təklif etmişdim ki, Nazirliyin məsul şəxsləri bizi qəbul edib təkliflərimizi dinləsinlər. Amma bu günə qədər reaksiya yoxdur. Nazir Sahil Babayev həftədə bir dəfə müharibə veteranlarını, əlilləri, şəhid ailələrini qəbul edə bilməz? Qaziləri qəbul edib desinlər ki, müvafiq qanunla sənə əlillik dərəcəsi düşmür, get məhkəməyə müraciət elə. Məhkəmə nə qərar çıxarsa, Nazirlik də onu icra edəcək. Bunu etmirlər və durum da bu həddə gəlib çatır.

– Qazilərin davranışları da birmənalı qarşılanmır…

– Müharibədə iştirak etmiş şəxsə hər kəs hörmətlə, diqqətlə yanaşmalıdır. Amma doğru deyirsiniz ki, qazilərimiz də bir qədər sadə, təmkinli, qanunpərəst olmalıdr. Mən bu gün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısındakı o görüntülərə baxdım. Hərbi forma əyinlərində, sifət saqqallı, aqressiya və s. Belə olmaz. 1000 manat verib özlərinə xüsusi təyinatlıların formalarını alırlar. Niyə? Qardaş, tankçı, motaatıcı, minatəmizləyən, kəşfiyyatçı olmusansa, həmin formanı geyin də. Əslində, qanunvericiliyə əsasən hərbçi hərbi xidməti başa vurduqdan sonra ictimaiyyət arasında o fomanı geyinməməlidir. Amma bizdə nə baş verir? Az qala, bütün veteranlar xüsusi təyinatlıların formalarını geyinirlər.

– Erməni mətbuatı Azərbaycanda qazilərin etirazlarını böyük həvəslə yayır. Necə hesab edirsiniz, bu görüntülər müharibədən qalib ayrılmış bir dövlət, cəmiyyət üçün nə dərəcədə məqbuldur?

– Necə ki, bizim mətbuat Ermənistanda müharibə veteranlarının, şəhid ailələrinin etirazlarını təfsilatlı şəkildə yayır, eyni şeyi onlar da edir. Niyə də etməsinlər? Qoy qazilərimizi bu həddə çatdıran o məmurlar bunun fərqində olsunlar. Qaziləri qəbul edib, dinləmək nə çətin işdir? Mən hər iki tərəfdə günah görürəm. Müharibə olanda qazilərimiz böyük ruh yüksəkliyi ilə döyüşə gedirdilər. Məgər onlar döyüşə gedəndə hansısa sosial imtiyaz barədə düşünürdülər?

– Birinci Qarabağ müharibəsindən sonra da qazilərlə bağlı müəyyən xoşagəlməz hallar olmuşdu. Bunların kökündə nə dayanır?

– Mən istəməzdim ki, Azərbaycanda müharibə veteranları bu addan istifadə edib reketliklə məşğul olsun, kimlərəsə “krişalıq” etsin, vəzifəli şəxslərdən nəsə umsun. Müharibə veteranı, şəhid ailəsi ələbaxımlı olmamalıdır. Əksinə, müharibə veteranı, şəhid ailələri elə bir imkana sahib olmalıdırlar ki, digərlərinə yardım etsinlər, xeyriyyəçilik işlərilə məşğul olsunlar. Bizdə belə nümunəvi müharibə veteranları da var. 1-ci Qarabağ savaşından sonra qazilərlə bağlı bəzi ictimai təşkilatlar yarandı. Onların bəzisi reketlik edirdi. Belə hallar qaziləri ancaq gözdən sala bilər. Əsl hərbçi ömrünün axırına qədər qüqurunu qoruyub saxlayır.

– Şəhid ailələrinin şikayətlərindən biri də övladlarına istədikləri adların, orden və medalların verilməməsidir. Niyə şəhidlər arasında fərq qoyulur?

– Bu məsələlər qanunvericiliklə tənzimlənir. Hərbi hissə komandiri şəhidlə bağlı müəyyən rəy verir. Onun hansı vəziyyətdə şəhid olduğu orada qeyd olunur. Burada bəzi incəliklər var. Təsadüfən qəlpə yarasından şəhid olanla, düşmənin üzərinə hücum edərək, xüsusi qəhrəmanlıq edərkən şəhid olmuş hərbçi fərqlidir. Əlbəttə, şəhidlərin hamısı bizim üçün qəhrəmandır. Amma qanunvericilik bu məsələləri tənzimləyir. Və mən inanmıram ki, hansısa hərbi hissə komandiri məqsədli şəkildə şəhid haqqında düzgün olmayan rəy, məlumat yazsın. Burada əsas problem bilirsiniz nədən qaynaqlanır? Şəhidi ailəsinə kim gətirir? Birbaşa döyüşdə iştirak etməyən hərbçilər. Mən 1-ci Qarabağ müharibəsində şəhidlərin ailələrinə təhvil verilməsində iştirak etmişəm. Çox ağır psixoloji durumdur. Şəhidin valideynləri bəzən orada ağır ifadələr işlədirlər. Niyə siz yox, mənim oğlum şəhid oldu? Bəzən şəhidi ailəsinə təhvil verən hərbçilər orada yalandan danışırlar ki, sənin oğlun 300 ermənini təkbaşına öldürüb və s. Yəqin ki, xatırlayırsınız bu sözləri. Heç kəs demir ki, bir nəfər 300 ermənini necə öldürə bilər? Sonra həmin şəhidə Milli Qəhrəman, Azərbaycan ordeni kimi ad və medallar verilməyəndə valideyn başlayır üsyan etməyə. Deyir ki, mənim oğlum 300 erməni öldürüb ona niyə Milli Qəhrəman adı vermirsiniz. Yəni ilk gündən şəhid ailəsinə həqiqəti demək lazımdır.

Söhbətləşdi: Nurlan 

Oxşar xəbərlər