Əgər, Paşinyan hakimiyyəti və erməni kilsəsi arasında savaş daha da dərinləşərsə və cəmiyyət kəskin şəkildə parçalanarsa, Ermənistanda daxili geosiyasi kimlik mübarizəsi qaçılmaz olacaq... Belə ki, bir tərəfdə Qərb yönümlü sekulyar hökumətin, digər tərəfdə isə Rusiya yönümlü radikal-revanşist qüvvələrin dəstəkçiləri düşərgələşəcək və bu, qarşılıqlı düşmənçiliyə çevriləcək...
Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan siyasi-ictimai düşərgələr artıq savaş mərhələsinə start veriblər. Hətta "döyüş səngərləri"nin qatılmağa başladığı da açıq-aşkar müşahidə olunur. Üstəlik, döyüş səngərlərinə bir tərəfdən Paşinyan hakimiyyəti giribsə, digər tərəfdə erməni kilsəsi yerləşib. Və bu, o deməkdir ki, baş nazir Nikol Paşinyan xarici ölkə kəşfiyyatına işləməkdə suçladığı erməni kilsəsini də "döyüş səngəri"nə girmək məcburiyyətində buraxmağı bacardı.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti erməni kilsəsini özünə qarşı ən böyük təhlükə hesab edir. Ona görə də, Ermənistana xəyanətdə suçladığı keşişlərə qarşı real siyasi-hüquqi savaş açmaq qərarı verdi. İndi Rusiya kəşfiyyatına bağlı digər siyasi-ictimai fəallarla yanaşı, erməni kilsəsinin nüfuzlu keşişləri də həbs edilməyə başlayıb. Və onlara qarşı açılan cinayət işində həm dövlət çevrilişinə cəhd, həm də terrorizm fəaliyyəti ilə bağlı ittihamlar yer alır.
Məsələ ondadır ki, 2025-ci ilin iyun ayı Ermənistanın siyasi məkanında yeni, lakin tarixi kökləri olan bir gərginliyin — dövlətlə kilsə arasındakı qarşıdurmanın açıq fazaya keçdiyi dövr oldu. Belə ki, arxiyepiskop Mikael Acapaxyanın hərbi çevrilişə çağırış ittihamı ilə istintaqa cəlb olunması, hüquq-mühafizə orqanlarının Eçmiadzinə – terrorizm yuvası olan erməni kilsəsinin fitnə-fəsad mərkəzinə hücum etməsi, keşişlərlə güc strukturları arasında fiziki qarşıdurma, ölkədə yeni siyasi və mənəvi böhranın başlandığını göstərir.
Maraqlıdır ki, uzun müddətdən bəri davam edən hakimiyyət-kilsə qarşıdurması nəhayət, açıq toqquşmalara səbəb oldu. Belə ki, Ermənistan Baş Prokurorluğu, arxiyepiskop Mikael Acapaxyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə çağırış” ittihamı ilə cinayət işi başladığını elan edib. Ardınca təxminən 30 maskalı xüsusi təyinatlı onun Şirak yeparxiyasındakı iqamətgahına daxil olub. Və ittiham olunan keşiş orada olmasa da, onun iştirakı olmadan axtarış aparılıb.
Daha sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) də erməni kilsəsinə qarşı əməliyyata cəlb olunub. MTX-nin terrorizmə qarşı xüsusi təyinatlı qüvvələri Eçmiadzində katolikos II Qareginə qarşı da axtarış əməliyyatı reallaşdırıblar. Baş nazir Nikol Paşinyanın əsas hədəfində olan katolikos barədə hələlik həbs qərarı olmasa da, tezliklə belə bir addımın atılma ehtimalı istisna deyil.
Onu da qeyd edək ki, arxiyepiskop Mikael Acapaxyan uzun müddətdən bəri Paşinyan hakimiyyətini anti-milli və dəyərsizləşdirici siyasət yürütməkdə ittiham edirdi. Onun son açıqlamaları isə artıq yalnız tənqid çərçivəsində qalmayaraq, açıq şəkildə kütlələri hakimiyyət dəyişikliyinə çağırış məzmunu almışdı. Ermənistan konstitusiyasına görə, dövlət dünyəvi olsa da, erməni kilsəsi hələ də ölkənin mənəvi-siyasi həyatına güclü təsirə malikdir.
Ona görə də, baş nazir Nikol Paşinyan erməni kilsəsini hədəfə alarkən, ilk növbədə sekulyar dövlət prinsiplərinə əsaslandırmağa çalışır. Ancaq erməni kilsəsinə qarşı artan təzyiqlər — xüsusən də Eçmiadzinə birbaşa hücum və keşişlərin ardıcıl həbsi — "dini icma"nın legitimliyinə ciddi zərbə kimi qiymətləndirilir. Və bu səbəbdən də, son vaxtlar erməni kilsəsi getdikcə daha çox radikal-revanşist müxalifətin siyasi iradə mərkəzinə çevrilir.
Təbii ki, bütün bu hadisələrin arxasında Rusiya izi də olmamış deyil. Belə ki, Kreml uzun müddət erməni kilsəsini Paşinyan hakimiyyətinə qarşı “yumşaq güc” aləti kimi istifadə edib. Rusiya erməniləri ittifaqının açıq şəkildə keşişlərin müdafiəsinə qalxması və Kremlin Ermənistandakı iri korporativ şəbəkələrinin — Qazprom, ESA və s. erməni kilsəsinə verməsi real situasiyanı təsəvvür etmək imkanı verir. Və Kremlin hələ də erməni kilsəsi üzərindən Ermənistan siyasətində təsir imkanlarını qorumağa çalışdığını göstərir.
Rusiyanı narahat edən əsas məsələ odur ki, Paşinyan hakimiyyəti son illərdə açıq şəkildə Qərblə inteqrasiyanı prioritet elan edib. Halbuki, Rusiya kəşfiyyatının nəzarətində olsa belə, erməni kilsəsinə qarşı bu sərt addımlar Qərbdə də “dini azadlıqların pozulması” kimi yozula bilər. Və xüsusilə də ABŞ və Fransadakı erməni diaspor təşkilatlarının bu məsələdə hansı tərəfi tutacağı geosiyasi balans üçün həlledici xarakter daşıya biləcək faktordur.
Bütün bunları nəzərə aldıqda, erməni kilsəsi ilə savaş Paşinyan hakimiyyəti üçün müəyyən pozitiv və neqativ nəticələr doğura bilər. Belə ki, Paşinyan hakimiyyəti ya erməni kilsəsini nəzarət altına almaqla, Rusiyaya bağlı radikal-revanşist siyasi müxalifəti zəiflətməyə nail olacaq. Və yaxud da haqlı olduğunu hüquqi faktlarla sübuta yetirə bilməyib, erməni kilsəsinə məğlub olarsa, onda beynəlxalq və daxili siyasi legitimlik itkisinin astanasına gələcək.
Əgər, bu qarşıdurma daha da dərinləşərsə və cəmiyyət kəskin şəkildə parçalanarsa, Ermənistanda daxili geosiyasi kimlik mübarizəsi qaçılmaz olacaq. Belə ki, bir tərəfdə Qərb yönümlü sekulyar hökumətin, digər tərəfdə isə Rusiya yönümlü dini-milli qüvvələrin dəstəkçiləri düşərgələşəcək. Və bu, qarşılıqlı düşmənçiliyə çevrilərək, ölkəni sabitlikdən daha da uzaqlaşdıracaq.
Belə anlaşılır ki, hazırda Ermənistanda baş verən hadisələr sadəcə, erməni kilsəsi ilə hakimiyyət arasında sıradan bir fikir ayrılığı deyil. Bu, artıq ideoloji hegemonluq və geosiyasi yönümlü suverenlik uğrunda amansız bir savaşdır. Hər iki tərəfin geri çəkilməməsi isə yaxın gələcəkdə Ermənistanda yeni siyasi kataklizmlərin qaçılmaz olduğunu göstərir. Və üstəlik, terrorizm yuvası olan erməni kilsəsi ilə bu savaşın nəticələri həm Ermənistanın, həm də Paşinyan hakimiyyətinin gələcək taleyini həll edə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu