Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi ilə bağlı müzakirələr davam edir. Sülhməramlıların Qarabağdan tam çıxması fonunda bu məsələ yenidən gündəmə gəlib.
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev xatırladıb ki, 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 43 maddədən ibarət dostluq və tərəfdaşlıq haqqında saziş imzalanıb:
“Bu sazişin müddəalarına görə iki ölkə arasında iqtisadi, siyasi sahələrdə inkişafın əldə edilməsi əsas götürülür. Rusiya əzəli və əbədi qonşumuzdur. Sonsuz sayda yeraltı, yerüstü sərvətlərə, nüvə silahına malik ölkədir. Qeyri-rəsmi məlumatlara görə, 3 milyona yaxın soydaşımız orada yaşayır. Ona görə də Rusiyanın Azərbaycanın hər hansı bölgəsində konsulluq açmaq istəyi ölkəmizin suverenliyinə mənfi təsir etmir”.
Politoloqun sözlərinə görə, Rusiya və Azərbaycan arasında diplomatik sahədə münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına uyğundur:
“Ölkəmizin hər hansı bölgəsində konsulluq açılacaqsa, bu, Azərbaycanın razılığı əsasında baş verə bilər. Ümumiyyətlə, iki ölkə arasında bütün sahələrdə münasibətlər inkişaf edir”.