Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.
Turantv.az xəbər verir ki, Kobaxidze bunu Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhlükələrə, müxtəlif xəyanətlərə, o cümlədən prezidentin xəyanətinə baxmayaraq, ölkədə əmin-amanlığı qoruyub saxlamaq imkanı verdi. Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”, – Baş nazir bildirib.
Baş nazir vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir:
“Bu gün biz həmişəkindən daha çox bir-birimizə qayğı göstərməli və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliyin məhv etdiyi şeyi yalnız sevgi ilə qura bilərik”.
Öz növbəsində, hərbçilər və Gürcüstan rəhbərliyinin nümayəndələri qarşısında çıxış edən Zurabişvili ölkə hakimiyyətinin hərəkətlərini tənqid edib:
“Oktyabrda keçiriləcək parlament seçkiləri ölkənin kursunu müəyyən edəcək – avropa yoxsa rusiyapərəst”.