Dünya

İran “konsulluğunun” vurulmasında müəmma – Meyitlər hanı?

post-img

Aprelin 1-də İsrailin aviazərbəsi nəticəsində Dəməşqdəki İran konsulluğunun müşavirləri olan İslam İnqilabı Keşikçiləri Korpusunun 2 generalı daxil olmaqla 13 nəfərin ölümündən sonra İran tərəfindən İsrailin Azərbaycandakı səfirliyinin hədəfə alınacağı haqqında fikirlər səsləndirildi. Ardınca isə İsrailin bütün ölkələrdəki səfirliklərinin boşaldılması barədə xəbərlər yayıldı.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, İsrailin bütün ölkələrdəki səfirliklərini boşaltması xəbəri İranın maraqlarına xidmət edən dezinformasiyadır:

“İsraildən birbaşa qisas ala bilməyən İran əsas hədəfdən ictimai rəyi yayındırmaq istəyir. Ona görə də Bakıda və digər ölkələrdəki səfirliklər hədəf göstərilir.

Paralel olaraq guya İsrailin qorxduğu tirajlanır. Lakin İsrail rəsmilərinin açıqlamaları heç də Tehrandan qorxduqlarını göstərmir”.

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Co Bayden İsrailin ciddi şəkildə müdafiə ediləcəyini bildirib:

“İranı qorxudan da bu amildir. Rəsmi Tehran başa düşür ki, ərazisindən ballistik raketlərlə birbaşa İsrail vurularsa, bu, İranın müharibəyə müdaxiləsi hesab olunacaq. Bu halda dövriyyəyə ABŞ girəcək. Əgər bu müdaxilə olarsa, məsələ ABŞ-la yekunlaşmayacaq. Rəsmi Vaşinqton düşmənlərinə qarşı həmişə koalisiya yaradıb. Bu halda İranı kim müdafiə edəcək?”

N.Mirinin fikrincə, İranın daxil olduğu Rusiya-Çin-İran üçlüyü var:

“İran və ABŞ arasında qarşıdurma olarsa, Çinla Rusiyanın Tehranı müdafiə edib-etməyəcəyi sual doğurur. İran Yəməndəki Husi, HƏMAS, Hizbullah kimi proksi qüvvələrdən istifadə edərək bir neçə raket ataraq şişirdilmiş rəqəmlərlə “qisas” alındığını göstərə bilər”.

Politoloq vurğulayıb ki, İsrail İran konsulluğunun vurulmasını təkzib edir:

“Verilən məlumata görə, həmin ərazidə İran konsulluğu deyil, Kanada və Tehran səfirliyi arasında yerləşən obyekt var. Maraqlıdır, Dəməşqdə yan-yana həm İran səfirliyi, həm də konsulluğu necə ola bilər? Bu bombardman nəticəsində öldürülən generalların adı çəkilib. Əgər vurulan obyekt konsulluqdursa, öldürülən diplomatların adı niyə qeyd edilmir? İlk günlər dağıntıların altında qaldıqları ilə bağlı bəhanələr irəli sürürdülər. Lakin üstündən 4 gün keçməsinə baxmayaraq heç bir məlumat verilməyib”.

Natiq Miri İranın İsrail kimi “F-35” səviyyəsində qırıcı təyyarələri olmadığı üçün hansısa ölkənin ərazisində yerləşən diplomatik nümayəndəliyi “nöqtə atış” ilə vura bilməyəcəyini düşünür:

“Bu prosesi reallaşdırmaq üçün terrorçu qüvvələrdən istifadə etmək mümkündür. Belə terror hadisəsi isə İran üçün mənfi nəticələnə bilər”.

Oxşar xəbərlər