Gündəm

Avronun məzənnəsi qəfil 2.50 AZN oldu: Google “bahalaşdırdı” - SON DƏQİQƏ

post-img

İyulun 8-də "Google valyuta" məzənnəsi bölməsində 1 avronun 2.50 Azərbaycan manatı olaraq göstərilməsi sosial şəbəkələrdə və ictimaiyyət arasında ciddi çaşqınlıq yaradıb. İqtisadiyyatla maraqlanan şəxslər bu rəqəmin texniki xəta, yoxsa rəsmi dəyişiklik olduğu ilə bağlı müzakirələrə başlayıblar. Halbuki, rəsmi mənbələrdə – xüsusilə də Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi kursda – belə bir dəyişiklik müşahidə olunmayıb. Mütəxəssislər bildirirlər ki, bu, Google-un məlumat aldığı platformada yaranan qısa müddətli texniki nasazlıqla əlaqəli ola bilər.

Bəs həqiqətən də avronun məzənnəsi 2.50 manat olub?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli bildirib ki, rəsmi valyuta bazarında belə bir artım qeydə alınmayıb və bu, sırf texniki xətadan ibarət ola bilər:

“Hazırda dollar 1 manat 99 qəpikdir. Manat isə avroya nisbətən möhkəmlənib. Avro isə dünən qiymət itirib. Buna görə də Google-də avronun 2.50 manata qalxması ehtimal edilir. Bu böyük ehtimalla texniki səhv və ya sistemdə yaranmış anlaşılmazlıqdır.”

Akif Nəsirli əlavə edib ki, Azərbaycan Mərkəzi Bankının rəsmi kurslarında avroda bu cür radikal dəyişiklik baş verməyib. Əksinə, son günlərdə avro müəyyən qədər zəifləyib və bu da dünya bazarlarında Avropa iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklərlə əlaqələndirilir:

"Google-un valyuta məzənnələrini təqdim etməsi üçün istifadə etdiyi mənbə real vaxtda dəyişə və bəzən texniki uyğunsuzluqlar səbəbilə səhv göstəricilər verə bilər. Bu cür hallar daha öncə də bir neçə dəfə fərqli ölkələrin valyutalarında müşahidə olunub. Vətəndaşlar valyuta dəyəri haqqında rəsmi və etibarlı mənbələrə – xüsusilə də Azərbaycan Mərkəzi Bankının və beynəlxalq maliyyə qurumlarının yayımladığı məlumatlara əsaslanmalıdır".


Oxşar xəbərlər