Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin rəsmi olaraq noyabrın 23-də istifadəyə veriləcəyini açıqlayıb.
“Noyabrın 23-də olaraq TRIPP proqramının (Zəngəzur dəhlizi) işə salınmasını elan edəcəyik. Onun vacib bir komponenti enerji və elektrik enerjisi tranzitidir”, - Baş nazir NVIDIA-nın vitse-prezidenti ilə süni intellekt mövzusunda açıq müzakirə zamanı bildirib. Paşinyan qeyd edib ki, Ermənistan Türkiyə və Azərbaycanın elektrik şəbəkələrini birləşdirəcək. “Biz artıq İran və Gürcüstanla əlaqə saxlayırıq və enerji ötürülməsini daha səmərəli etmək üçün investisiya yatırırıq”, - deyə baş nazir bildirib.
O, həmçinin yeni nüvə elektrik stansiyası tikmək planlarını təsdiqləyib və digər enerji mənbələrinin inkişaf etdirilməsinin və daha səmərəli enerji istehlakının vacibliyini vurğulayıb. Noyabr ayında Azərbaycan, Ermənistan və ABŞ TRIPP layihəsi üzrə iki işçi qrupu yaradıb. TRİPP-in tam işlək vəziyyətə gəlməsi üçün ən real müddət 2028–2030-cu illər aralığı göstərilir. Ancaq avtomobil yolu, dəmir yolu və enerji xəttinin eyni vaxtda hazır olması şərt deyil, yəni ayrı-ayrı mərhələlərdə işə düşə bilər...
Baş nazirin açıqlaması nə dərəcədə mühüm yenilik sayıla bilər? Azərbaycanın gözləntisi nədir? Yolun daha tez açılması mümkünmü, yoxsa kənar güclərin müdaxiləsi və əngəl olması təhlükəsi var?
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Paşinyanın açıqlaması tarixi addımdır, amma hələ ki daha çox siyasi xarakter daşıyır: “Noyabrın 23-də yol açılmır, yolun açılması prosesi rəsmən başlayır. Bu iki anlayışı qarışdırmamaq lazımdır. Lakin uzun illər "dəhliz yoxdur" deyən İrəvanın bu gün layihənin startını özü elan etməsi artıq geri dönüşü olmayan siyasi reallıqdır. Yəni, ox yaydan çıxıb”.

Onun fikrincə, açıqlamanın ən diqqətçəkən tərəfi enerji vurğusudur: “Paşinyan dəhlizi yalnız yol kimi yox, Türkiyə və Azərbaycanın enerji şəbəkələrini birləşdirəcək bir sistem kimi təqdim edir. Bu, bir neçə il əvvəl ağlasığmaz görünən mənzərədir. Ermənistan regiondan təcrid olunmuş bir ölkədən tranzit ölkəsinə çevrilmək istəyir. Bu baxımdan sülh artıq kağız üzərində yox, kabel, rels və asfaltda öz dividendlərini verməyə başlayır. Azərbaycanın gözləntisi isə aydındır. Naxçıvanla maneəsiz, təhlükəsiz və birbaşa əlaqənin olması. Bakı öz üzərinə düşəni artıq edir. Ermənistan sərhədinə qədər dəmir yolu gələn ilin əvvəlində tamamlanacaq. Digər önəmli məqam ondan ibarətdir ki, dəhlizin giriş və çıxış nöqtələri Azərbaycandadır. Ona görə də əsas texniki parametrlər Bakı ilə razılaşdırılmadan layihə işləyə bilməz. Azərbaycan bu prosesdə sadəcə istifadəçi deyil, əsas memarlardan biridir”.
Siyasi təhlilçi dəhlizin mərhələli şəkildə aşıla biləcəyini düşünür: “Bütün infrastrukturun eyni vaxtda hazır olması şərt deyil. Fikrimcə, ilk nəticə enerji xəttində və avtomobil yolunda görünəcək. Ermənistan ərazisində dəmir yolunun tikintisi isə 2027-ci ildən tez başlamayacaq. Tam işlək dəhliz üçün 2028–2030-cu illər ən real müddətdir. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, bu yolun düşmənləri də var. İran dəhlizin sərhədləri yaxınlığında Amerika iştirakını açıq təhdid kimi qəbul edir və Tehrandan sərt bəyanatlar səslənir.
Rusiya isə Ermənistan dəmir yollarının konsessiyasını əlində saxlayaraq prosesə təsir rıçağını qorumağa çalışır. Ermənistanın daxilində də Moskvaya bağlı müxalifət və konstitusiya referendumu ətrafındakı mübarizə layihəyə kölgə sala bilər. Bu risklərin heç biri yolu dayandırmaq gücündə deyil, amma hər biri onu ləngidə bilər. Ona görə də dəhlizin açılması asan olmayacaq, hər mərhələ əlavə vaxt və diplomatik səy tələb edəcək. Lakin prosesin geri dönməsi real görünmür. Dəhlizin arxasında ABŞ, Azərbaycan və Türkiyənin birgə iradəsi dayanır, Ermənistan isə bu yolu öz iqtisadi gələcəyi kimi qəbul edib”.Musavat.com