“Ermənistanın baş naziri Nikol Paşinyanın yeni konstitusiya layihəsini ictimai müzakirəyə təqdim etməsi və sülh sazişinin imzalanmasını birbaşa bu sənədin referendum yolu ilə qəbuluna bağlaması Cənubi Qafqazdakı postmünaqişə nizamlanmasının hüquqi və siyasi gələcəyi ilə bağlı önəmli mərhələdir. Bu prosesə yalnız İrəvanın daxili siyasi manevri kimi deyil, Prezident İlham Əliyevin 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri nəticəsində regionda yaratdığı yeni geosiyasi və hərbi-siyasi reallıqların məntiqi davamı kimi baxmaq lazımdır”.
Bu fikirləri Milli Məclisin deputatı Bərhuz Məhərrəmov bildirib.
O qeyd edib ki, məhz rəsmi Bakının prinsipial və güzəştsiz mövqeyi, suverenliyin tam bərpası və sülh gündəliyinin müəllifi kimi irəli sürdüyü tələblər Ermənistan rəhbərliyini onilliklər boyu dövlət ideologiyasının əsasını təşkil edən ərazi iddialarından hüquqi müstəvidə imtina etməyə, yaxud ən azı, bu məsələni ümumxalq müzakirəsinə çıxarmağa məcbur edib: “Siyasi-hüquqi baxımdan məsələnin kökündə Ermənistanın mövcud konstitusiyasının preambulasında 1990-cı il 23 avqust tarixli Müstəqillik Bəyannaməsinə edilən istinad dayanır. Həmin Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı birbaşa müddəa yer alır ki, bu da Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı konstitusion səviyyədə təsbit olunmuş hüquqi təhdid yaradırdı.
Beynəlxalq hüququn fundamental prinsiplərinə və müqavilələr hüququna əsasən, hər hansı dövlətin imzaladığı beynəlxalq saziş onun ali hüquqi qüvvəyə malik olan konstitusiyasına zidd ola bilməz. Əks halda, gələcəkdə Ermənistanın Konstitusiya Məhkəməsi və ya növbəti siyasi hakimiyyətləri sülh sazişini ölkənin əsas qanununa zidd sayaraq ləğv edə və revanşist iddiaları yenidən hüquqi müstəviyə qaytara bilərdi. Bu səbəbdən Azərbaycan tərəfi sülh müqaviləsinin kağız üzərində formal sənəd deyil, dönməz və dayanıqlı hüquqi təminat olması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini əsas şərt kimi irəli sürmüşdü”.
B.Məhərrəmovun sözlərinə görə, dərc olunmuş yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması və dövlətin yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində inkişafına dair müddəanın preambulaya daxil edilməsi Bakının tələblərinin İrəvan tərəfindən qəbul edildiyini göstərir: “Paşinyanın bu prosesi "institusional sülh" kimi təqdim etməsi və "münaqişə yolundan" imtina etdiklərini bəyan etməsi Azərbaycanın diktə etdiyi sülh arxitekturasının Ermənistanın daxili qanunvericiliyinə implementasiyasıdır. Aydındır ki, cənab İlham Əliyevin yaratdığı geosiyasi reallıqlar Ermənistanı ya mifoloji ərazi iddialarından imtina edərək regional inteqrasiyaya qoşulmaq, ya da tam təcrid və dövlətçiliyin itirilməsi riski ilə üzləşmək məzmununda tarixi dilemmalar qarşısında qoyub.
Paşinyanın öz siyasi karyerasını-referendum baş tutmazsa istefa verəcəyini, qəbul olunarsa növbəti seçkilərdə baş nazir postuna namizəd olmayacağını elan edərək, bu məsələyə bağlaması vəziyyətin ciddiliyini və İrəvan üçün başqa çıxış yolunun qalmadığını sübut edir. Bununla belə, prosesin daxili siyasi gündəmin girovuna çevrilməsi riski tam aradan qalxmayıb. Ermənistanda konstitusiya referendumunun keçirilməsi üçün parlamentdə konstitusion çoxluğun təmin edilməsi, daha sonra isə cəmiyyətdəki revanşist əhval-ruhiyyə və müxalifətin sərt müqaviməti fonunda xalqın səsvermədə müsbət rəy verməsi zəruridir.
Müxalifət qüvvələrinin layihəni "təslimçilik aktı" kimi qiymətləndirməsi və referendumun keçirilməsinə mane olmağa çalışması isə prosesin vaxt baxımından uzanmasına səbəb ola bilər. Paşinyanın öz siyasi gələcəyini referendumla şərtləndirməsi bir tərəfdən cəmiyyəti sülh naminə konsolidasiya etmək cəhdidirsə, digər tərəfdən, sülh sazişinin taleyini Ermənistan seçicisinin daxili siyasi əhval-ruhiyyəsindən asılı vəziyyətə salır. Ermənistan baş nazirinin atdığı bu addım sülhə doğru zəruri, lakin öz təşəbbüsü ilə deyil, Azərbaycanın yaratdığı hərbi-siyasi və diplomatik reallıqların təzyiqi altında atılmış məcburi addımdır.
Yeni konstitusiya layihəsində ərazi iddialarının aradan qaldırılması hüquqi baxımdan sülh sazişinin imzalanması üçün əsas maneəni aradan qaldırsa da, prosesin yekun uğuru İrəvanın bu sənədi daxili siyasi manipulyasiya alətinə çevirmədən, vaxtında və şəffaf şəkildə qəbul etdirməsindən asılı olacaq. Azərbaycan üçün isə vəziyyət dəyişməz olaraq qalır: yekun sülh müqaviləsi yalnız Ermənistanın ali qanununda ölkəmizin ərazi bütövlüyünə qarşı bütün hüquqi əsaslar tam və dönməz şəkildə ləğv edildikdən sonra mümkündür”.Musavat.com