Siyasət

Xankəndidə tarixi ECO Zirvəsi: Prezident Əliyevin uzaqgörən siyasətinin təntənəsi

post-img

Keçən cümə Azərbaycan və bütövlükdə Türk dünyası üçün tarixi bir gün yaşandı. Prezident İlham Əliyevin yüksək siyasi uzaqgörənliyi, geniş dünyagörüşü və incə diplomatik məharəti nəticəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Xankəndidə keçirildi. Bu hadisə həm Azərbaycanın regiondakı mövqeyini, həm də Qarabağın azadlığının və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda qəbul olunmasının təntənəsi idi.

Cənab Prezidentin tez-tez vurğuladığı o məşhur ifadə – “Nəyi, nə vaxt, necə etmək lazım olduğunu mən bilirəm” – bir daha öz təsdiqini tapdı. Məhz İlham Əliyevin siyasi iradəsi, dəmir məntiqi və ardıcıl strategiyası sayəsində illər öncə xəyallarda belə çətin görünən reallıq bu gün Xankəndidə gerçəkləşdi.

Xatırladaq ki, 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada olarkən Xankəndini göstərib “otelimiz oradamı olacaq?” deyə soruşanda, Cənab Prezidentin “orada da olacaq” cavabı bütün dünyaya açıq mesaj idi. Dünya gördü ki, o söz tutuldu – bu gün Xankəndidə artıq dövlət və hökumət başçıları üçün inşa olunmuş 5 ulduzlu 5-6 yeni otel fəaliyyət göstərir.

Xankəndidə tarixi ECO Zirvəsi | Kaspi.az

Bu tarixi zirvədə ECO-ya üzv 13 ölkədən dövlət və hökumət başçıları iştirak etdi. Həmin ölkələr ümumilikdə 560 milyon nəfər əhalini təmsil edirlər. Bu, həm də o deməkdir ki, Azərbaycanın mövqeyi yalnız regional deyil, artıq geniş coğrafiyada ciddi qəbul olunur.

Üç il öncə terror yuvası kimi tanınan Xankəndi bu gün – 4 iyulda diplomatiyanın, sülhün, əməkdaşlığın, qərarların və dostluğun mərkəzinə çevrildi. Qədim Türk şəhəri Xankəndi bütün dünyaya bir daha ucadan səsləndi: “Mən Azərbaycan şəhəriyəm! Qarabağ Azərbaycandır!”

 

Bu zirvəyə qatılan liderlərin, nümayəndə heyətlərinin, jurnalistlərin, müşahidəçilərin, ekspertlərin hamısı bu həqiqəti bir daha gördülər və təsdiq etdilər. Onlar Xankəndiyə gələn yolda müasir hava limanlarını, yüksək texnologiyalarla çəkilmiş yolları, körpüləri, tunelləri, eləcə də keçmiş məcburi köçkünlər üçün tikilmiş yeni evləri seyr etdilər. Qonaqlar Xankəndinin necə sürətlə abad, müasir şəhərə çevrildiyinin şahidi oldular.

Qarabağın kupçasını bir daha təsdiqləyən tarixi diplomatik möhür

Ən təsirli məqam isə budur ki, ECO zirvəsində iştirak edən 13 ölkənin lideri birmənalı şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünyaya bəyan etdilər. Bu, Xankəndinin kupçasının Azərbaycanın əlində olduğunun rəsmi, beynəlxalq miqyasda növbəti təsdiqi idi.

Xankəndidə ECO Zirvəsi: Azərbaycan regional liderliyini möhkəmləndirir –  SumqayitXeber.Com

Bütün bunlar Azərbaycanın beynəlxalq imicini daha da yüksəltdi. Diplomatik arenada Bakının mövqeyi gücləndi, dost ölkələr bir daha Azərbaycanın yanında olduqlarını nümayiş etdirdilər.

Xankəndidən yüksələn qürur: Güclü lider, güclü ordu

Keçən cümə Azərbaycan xalqı, Türk dünyası böyük qürur yaşadı. Bütün bu uğurlar Cənab Prezident İlham Əliyevin dəmir iradəsi, qətiyyətli siyasəti və məğrur Azərbaycan Ordusunun gücü sayəsində baş verdi.

Ne mutlu can Azərbaycan xalqına ki, onun güclü lideri və güclü ordusu var!

Bu tarixi zirvə həm də Türk dünyasının gələcəyi üçün yeni əməkdaşlıq perspektivlərinin qapısını açdı. Xankəndidə verilən mesajlar təkcə regiona yox, bütün dünyaya yönəlik idi: Qarabağ həmişə Azərbaycanındır, Azərbaycanın haqq işi daim beynəlxalq dəstəklə irəliləyəcək.

Hülusi Kılıç
Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İB-nin Türkiyə təmsilçisi

Oxşar xəbərlər