Problem

Şamaxı RİH tərəfindən Pirsaat çayında qanunsuz qum-çınqıl daşıntısı – Araşdırma başladı

post-img

Şamaxı rayonu, Pirsaat çayı ərazisində həyata keçirilən kütləvi qum-çınqıl daşınması əməkdaşlarımız tərəfindən lentə alınıb.

Ekologiya.az məsələ ilə bağlı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əlaqə saxlanılıb.

 Qurumdan bildirilib ki, çay məcralarından çıxarılan qum-çınqıl materiallarının daşınmasına yalnız qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən rəsmi karyerlər və müvafiq icazəsi olan subyektlər tərəfindən yol verilə bilər. Lakin sözügedən daşınmanın kim tərəfindən həyata keçirildiyi barədə dəqiq məlumatın olmadığı qeyd olunub.


Ekologiya.az-ın hadisə yerində apardığı araşdırmalar zamanı müəyyən edilib ki, daşınma işlərinin Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi iddia olunur. Ərazidə işləyən yük avtomobillərinin də Şamaxı Rayon İcra Hakimiyyətinə məxsus olduğu bildirilib.

Bununla bağlı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Qurumdan bildirilib ki, ilkin araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, çay yataqlarından qum-çınqıl materiallarının çıxarılması və daşınması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Bu fəaliyyət yalnız müvafiq icazə sənədləri və müəyyən edilmiş qaydalar əsasında həyata keçirilə bilər. İcazəsiz hasilat, çay məcrasının dəyişdirilməsi, su obyektlərinə ziyan vurulması, habelə ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlər qanun pozuntusu hesab olunur və inzibati, bəzi hallarda isə cinayət məsuliyyəti yarada bilər.


 Bununla yanaşı, sözügedən daşınmanın hansı məqsədlə həyata keçirildiyi, hüquqi əsasının nədən ibarət olduğu və çıxarılan qum-çınqılın hansı istiqamətə aparıldığı barədə hələlik rəsmi açıqlama verilməyib. Bu məsələlərin də aparılan araşdırma çərçivəsində aydınlaşdırılacağı gözlənilir.

Oxşar xəbərlər