Dünya

Duqin dünyanı üç yerə böldü – Azərbaycanı Rusiyaya verdi: Tramp, Putin və Si Cinpin nə planlaşdırır?

post-img

Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin görüşü ərəfəsində qalmaqallı xəritə paylaşıb. Xəritədə dünya üç böyük dövlətin təsir dairəsinə bölünüb. Ən diqqətçəkən məqam isə Azərbaycanın, Türkiyənin, Avropanın və Afrikanın Rusiyanın nəzarət zonasında göstərilməsidir.

Paytaxt.org xəbər verir ki, "rusiyalı filosof və siyasi nəzəriyyəçi", əslində isə imperiya ambisiyaları ilə zəhərələnmiş təxribatçı Aleksandr Duqin noyabrın 16-da X sosial şəbəkəsində dünya xəritəsini paylaşaraq onun üzərinə qısa, lakin düşündürücü bir cümlə yazıb:

“Üçqütblü dünya sammiti ərəfəsində ”.

48a464ce-cd2f-4325-b560-f16a20353f86.jpg (232 KB)

Paylaşım Çin, ABŞ və Rusiya liderlərinin görüşü ilə bağlı müzakirələrin gücləndiyi bir vaxta təsadüf edir.

Duqinin yaydığı xəritədə dünya faktiki olaraq üç böyük imperiyanın təsir dairəsinə bölünüb.

Amerika qitəsi, Qrenlandiya və Yaponiya ABŞ-ın, Avropanın böyük hissəsi, Rusiya, Türkiyə, Qafqaz, Yaxın Şərq və Afrika Rusiyanın, Çin, Asiyanın böyük hissəsi və Avstraliya isə Çinin rəngində göstərilib.

Bu bölgüdə dünyanın onlarla müstəqil dövlətinin siyasi iradəsi, suverenliyi və mövcud beynəlxalq ittifaqları nəzərə alınmayıb.

Xüsusilə Azərbaycanın və Türkiyənin Rusiyanın təsir dairəsinə daxil edilməsi diqqət çəkir.

Duqin nə demək istəyir?

Aleksandr Duqin uzun illərdir Rusiyanın imperiya xarakterli geosiyasi nəzəriyyələrinin əsas təbliğatçılarından biri kimi tanınır. O, Qərbin, xüsusilə ABŞ-ın dünyadakı üstünlüyünə qarşı çıxır və Rusiyanın Avrasiyada müstəqil güc mərkəzinə çevrilməsini müdafiə edir.

Onun fikrincə, SSRİ-nin dağılmasından sonra yaranan və ABŞ-ın üstün mövqedə olduğu dünya nizamı artıq sona yaxınlaşır.

Duqin hesab edir ki, yeni beynəlxalq sistemdə ABŞ, Rusiya və Çin əsas güc mərkəzləri olacaq. Bu dövlətlər dünyanın gələcəyinə dair mühüm qərarların qəbulunda həlledici rol oynayacaqlar.

Rusiyalı ideoloq noyabrın 17-də yayımlanan “Üçqütblü dünya: Birinci akt” adlı müsahibəsində də bu mövqeyini geniş izah edib.

O, ABŞ-ın artıq Rusiya və Çinin müstəqil güc mərkəzləri olduğunu qəbul etməli olduğunu bildirib. Duqinin yanaşmasına görə, Trampın Putin və Si Cinpinlə bir masa arxasında əyləşməsi belə, yeni geosiyasi reallığın tanınması deməkdir.

Maraqlıdır ki, Duqin üçqütblü sistemi son məqsəd saymır. O, gələcəkdə Hindistanın, İslam dünyasının, Afrikanın və Latın Amerikasının da ayrıca güc mərkəzlərinə çevrilə biləcəyini düşünür.

Lakin onun paylaşdığı xəritə bu nəzəriyyədən daha irəli gedir. Burada dövlətlər arasında bərabərhüquqlu əməkdaşlıqdan deyil, dünyanın böyük güclər arasında bölüşdürülməsini xatırladan mənzərədən söhbət gedir.

Azərbaycan niyə Rusiyanın rəngində göstərilib?

Duqinin xəritəsinin Azərbaycan üçün ən maraqlı və həssas tərəfi məhz budur.

Xəritədə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz Rusiyanın geosiyasi məkanına daxil edilib.

Üstəlik, təkcə keçmiş SSRİ respublikaları deyil, NATO üzvü Türkiyə, Avropa dövlətləri, Yaxın Şərq və Afrika da eyni rənglə göstərilib.

Bu isə Rusiyanın təsir dairəsinin faktiki olaraq üç qitəni əhatə etməsi təsəvvürünü yaradır.

Halbuki Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ölkəmiz Türkiyə ilə müttəfiqlik münasibətlərinə, Çinlə strateji tərəfdaşlığa, Avropa dövlətləri və ABŞ-la geniş siyasi-iqtisadi əlaqələrə malikdir.

Azərbaycanın enerji və nəqliyyat layihələri, xüsusilə Orta Dəhlizdəki rolu onun beynəlxalq siyasətdə müstəqil mövqeyini daha da gücləndirib.

Türkiyənin Rusiyanın təsir dairəsində göstərilməsi də eyni dərəcədə axmaqcadır. Ankara NATO-nun ən böyük hərbi güclərindən birinə malikdir, regional və qlobal məsələlərdə müstəqil siyasət aparır.

Bundan başqa, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının əsas iştirakçılarıdır. Bu təşkilatın güclənməsi Avrasiyada ayrıca siyasi-iqtisadi əməkdaşlıq məkanının formalaşmasına xidmət edir.

Belə bir şəraitdə Bakı və Ankaranın Moskvanın nəzarətində olan geosiyasi zona kimi təsvir edilməsi Duqin kimi şovinistlərin mahiyyətinin göstəricisidir.

Bu, Kremlin gizli planıdırmı?

Burada bir mühüm məqamı xüsusi qeyd etmək lazımdır.

Duqin xəritəni özünün hazırladığını bildirməyib. Əksinə, paylaşımında onun internetdə tapıldığını yazıb.

Lakin keşiş Duqinin siyasi baxışları uzun illərdir Rusiyanın böyük dövlət statusunun bərpası, Avrasiya məkanında təsirinin genişləndirilməsi və Qərbin üstünlüyünün zəiflədilməsi ideyalarına əsaslanır.

Ona görə də belə bir xəritəni məhz onun paylaşması təsadüfi görünmür.

Bu, Rusiyanın müəyyən millətçi və imperiyaçı ideoloji dairələrinin dünyanı necə görmək istədiyini nümayiş etdirən provokativ mesaj kimi qiymətləndirilə bilər.

Xəritə niyə Corc Oruellin məşhur romanını xatırladır?

Duqinin paylaşdığı xəritə xarici analitiklərin də diqqətini çəkib.

Noyabrın 17-də dərc edilmiş “Duqinin üçqütblü dünya hallüsinasiyası” adlı təhlildə xəritənin siyasi reallıqdan uzaq olduğu bildirilir.

Müəlliflər bu təsviri ingilis yazıçısı Corc Oruellin məşhur “1984” romanındakı dünya bölgüsü ilə müqayisə edirlər.

Həmin romanda dünya Okeaniya, Avrasiya və Şərqi Asiya adlı üç nəhəng güc arasında bölünüb. Bu superdövlətlər daim bir-biri ilə mübarizə aparır, kiçik xalqların taleyi isə böyük güclərin qarşıdurmasının tərkib hissəsinə çevrilir.

Duqinin paylaşdığı xəritədə də buna bənzər mənzərə yaranır.

ABŞ Amerika qitəsində, Çin Asiya-Sakit okean məkanında, Rusiya isə Avropa, Afrika və Yaxın Şərqdə dominant güc kimi təqdim olunur.

Tənqidçilərin fikrincə, belə bölgü Rusiyanın real iqtisadi və demoqrafik imkanlarını da nəzərə almır. ABŞ və Çinlə müqayisədə daha kiçik iqtisadiyyata malik Rusiyanın Avropa, Afrika və Yaxın Şərq üzərində vahid təsir mərkəzi kimi təsvir edilməsi gülüş doğurur.

Tramp, Putin və Si Cinpin dünyanı yenidən bölüşdürə bilərmi?

Duqinin paylaşımı ABŞ, Rusiya və Çin liderlərinin Şençjen görüşü ərəfəsində xüsusi diqqət çəkir.

Üç böyük dövlət arasında münasibətlər son illərdə beynəlxalq siyasətin əsas məsələlərindən birinə çevrilib.

ABŞ Çinlə iqtisadi və texnoloji rəqabət aparır, Rusiya ilə münasibətlərində isə Ukrayna müharibəsi və nüvə təhlükəsizliyi mühüm yer tutur.

Pekin öz növbəsində həm Vaşinqtonla münasibətlərini idarə etməyə, həm də Moskva ilə strateji əməkdaşlığını qorumağa çalışır.

Bu baxımdan üç liderin bir araya gəlməsi beynəlxalq təhlükəsizlik üçün mühüm hadisədir.

Lakin onların görüş keçirməsi dünyanın təsir dairələrinə bölünməsi barədə razılıq əldə edildiyi anlamına gəlmir.

Əksinə, ABŞ, Rusiya və Çinin öz aralarında ciddi maraq toqquşmaları mövcuddur. Xüsusilə Mərkəzi Asiya, enerji bazarları, ticarət yolları və beynəlxalq təhlükəsizlik məsələlərində onların maraqları heç də həmişə üst-üstə düşmür.

Azərbaycanın mövqeyi nə olmalıdır?

Duqinin paylaşdığı xəritə bir daha göstərir ki, böyük dövlətlərin müəyyən siyasi dairələrində dünyanın təsir zonalarına bölünməsi düşüncəsi hələ də yaşayır.

Azərbaycan üçün bu yanaşma qəbuledilməzdir.

Çünki ölkəmiz uzun illər ərazi bütövlüyünün pozulmasının nəticələri ilə üzləşib, 44 günlük Vətən müharibəsi və sonrakı proseslər nəticəsində öz suverenliyini tam bərpa edib.

Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə öz milli maraqlarına əsaslanan siyasət yürüdür.

Bakı Moskva, Vaşinqton və Pekinlə münasibətlərini inkişaf etdirə bilər. Lakin bu əməkdaşlıq Azərbaycanın hansısa dövlətin təsir dairəsinə daxil olması demək deyil.

Əslində, Duqinin xəritəsinin yaratdığı əsas sual da budur: Yeni dünya nizamında müstəqil dövlətlər öz talelərini özləri müəyyənləşdirəcəklər, yoxsa böyük güclər yenidən dünyanın xəritəsini öz aralarında bölüşdürməyə çalışacaqlar?

Şençjen görüşünün nəticələri bu suala müəyyən aydınlıq gətirə bilər.

Amma bir həqiqət artıq məlumdur: Azərbaycan nə Rusiyanın, nə ABŞ-ın, nə də Çinin geosiyasi əlavəsidir.

Dünyanın üç, beş və ya daha çox qütblü olmasından asılı olmayaraq, Azərbaycanın yeri və gələcəyi yalnız Azərbaycan xalqının iradəsi və dövlətimizin milli maraqları əsasında müəyyənləşdirilməlidir.Musavat.com

Oxşar xəbərlər