Xəbər

Avropa Rusiyasız yol axtarır - Azərbaycan əsas tranzit mərkəzinə çevrilir

post-img

Noyabrın 25-də Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir. Sənəd siyasi dialoqla yanaşı, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni çərçivə yaradır. Budrisin Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü olduğunu vurğulaması, Litvanın Rusiya ərazisindən keçməyən Orta Dəhlizdən istifadə etmək niyyətini açıqlaması Bakının tranzit imkanlarına artan marağın göstəricisidir. Üstəlik, Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyi nəzərə alınarsa, bu ölkənin Bakı-Brüssel münasibətlərinin inkişafında daha fəal rol oynamaq imkanı yaranır.

Litva ilə imzalanan strateji tərəfdaşlıq bəyannaməsi Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrində real layihələrə və yeni investisiyalara çevrilə biləcəkmi?

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov Musavat.com-a bildirdi ki, Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu, Avrasiya məkanında ənənəvi logistika və enerji xətlərinin geosiyasi risklər səbəbindən funksionallığını itirdiyi müasir mərhələdə Azərbaycanla Avropa İttifaqı üzvləri arasında münasibətlər keyfiyyətcə yeni müstəviyə keçir: "Bakı ilə Vilnüs arasında strateji tərəfdaşlıq səviyyəsində sənədin imzalanması sadəcə ikitərəfli diplomatik jest deyil, Avropanın şərq cinahı ilə Cənubi Qafqaz arasında formalaşan praqmatik maraqlar ittifaqının təzahürüdür. Baltikyanı ölkələrin, xüsusilə də Litvanın regional təhlükəsizlik və iqtisadi şaxələndirmə məsələlərinə həssas yanaşması bu ölkəni Rusiya ərazisindən yan keçən etibarlı marşrutların axtarışında fəal aktora çevirib. Bu kontekstdə Azərbaycanın təqdim etdiyi nəqliyyat-logistika infrastrukturu, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər dənizindəki ticarət donanması Şimali və Mərkəzi Avropa bazarları üçün Mərkəzi Asiya və Çinlə birbaşa əlaqə yaradan əvəzsiz qovşaq rolunu oynayır. Litvanın Klaypeda limanı ilə Azərbaycanın tranzit imkanlarının inteqrasiyası perspektivi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yeni yük axınlarının formalaşmasına real zəmin yaradır".

Deputatın sözlərinə görə, imzalanan bəyannamənin konkret iqtisadi layihələrə və investisiyalara çevrilməsi potensialı həm iki ölkənin iqtisadi strukturlarının bir-birini tamamlaması, həm də qarşıdakı dövrün institusional imkanları ilə sıx bağlıdır. Litva informasiya texnologiyaları, maliyyə texnologiyaları, yaşıl enerji həlləri, lazer sənayesi və aqrar emal sahələrində Avropa İttifaqının qabaqcıl təcrübəsinə malikdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri, yaşıl enerji zonalarının yaradılması və sənaye parklarında tətbiq olunan vergi-gömrük güzəştləri Litva kapitalı və texnologiyaları üçün cəlbedici investisiya mühiti formalaşdırır. Xüsusilə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, rəqəmsal gömrük sistemlərinin təkmilləşdirilməsi və logistika mərkəzlərinin idarə edilməsi istiqamətində birgə müəssisələrin yaradılması yaxın perspektivdə reallaşa biləcək ən real istiqamətlər sırasındadır. Bununla yanaşı, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə ənənəvi karbohidrogen ehtiyatlarının tədarükü ilə məhdudlaşmır, həm də Qara dəniz dibi ilə çəkiləcək yaşıl enerji kabeli layihəsi vasitəsilə Azərbaycanın Avropanın elektrik enerjisi bazarında uzunmüddətli oyunçuya çevrilməsi planları ilə üst-üstə düşür".

K.Bayramov onu da söylədi ki, bu prosesin praktiki nəticələr verməsində Litvanın 2027-ci ilin əvvəlindən Avropa İttifaqı Şurasına sədrlik edəcəyi amili xüsusi strateji çəkiyə malikdir: "Avropa İttifaqının qərar qəbuletmə mexanizmlərində Vilnüsün gündəliyi müəyyənləşdirən tərəf kimi çıxış etməsi Brüssel-Bakı dialoqunda mövcud olan siyasi və bürokratik ləngimələrin aradan qaldırılmasına, həmçinin Orta Dəhlizin Avropa İttifaqının "Qlobal Qapı" strategiyası çərçivəsində maliyyələşdirilməsinə güclü təkan verə bilər. Avropa maliyyə institutlarının - Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Avropa İnvestisiya Bankının regiondakı infrastruktur və yaşıl keçid layihələrinə daha böyük həcmdə vəsait ayırması üçün siyasi iradə həlledici rol oynayır. Litva bu məsələdə Azərbaycanın regional əhəmiyyətini Avropa paytaxtlarına çatdıran əsas tərəfdaşlardan biri kimi çıxış etməklə, avropalı investorların Cənubi Qafqaz bazarına olan etimadını artırır. Bununla belə, bəyannamədə əksini tapan niyyətlərin davamlı iqtisadi dividendlərə çevrilməsi bir sıra texniki və tənzimləyici çağırışların həllindən asılı olacaq. 

Orta Dəhliz boyu vahid tarif siyasətinin tətbiqi, sərhəd-keçid prosedurlarının tam rəqəmsallaşdırılması və Xəzər dənizində daşıma qabiliyyətinin artırılması kimi məsələlərin sürətlə həll edilməsi Avropa şirkətlərinin bu marşruta uzunmüddətli sadiqliyini şərtləndirəcək. İkitərəfli ticarət dövriyyəsinin həcminin real potensialdan hələ də aşağı olması biznes dairələri arasında birbaşa təmasların intensivləşdirilməsini, birgə investisiya fondlarının və biznes forumların praktiki mexanizmlərlə zənginləşdirilməsini tələb edir. Nəticə etibarilə, Bakı və Vilnüs arasında formalaşan strateji tərəfdaşlıq çərçivəsi həm ikitərəfli sərmayə qoyuluşları, həm də Azərbaycanın Avropanın geoiqtisadi arxitekturasında əvəzolunmaz enerji və nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmlənməsi üçün real və işlək alətə çevrilmək potensialına malikdir".Musavat.com

Oxşar xəbərlər