Avropa Liqasının pley-off mərhələsində "Qalatasaray"ın Hollandiyanın "AZ Alkmaar" klubu ilə matçına təyinat alan Orxan Hüseynzadə İstanbula yollanıb.
Bu barədə Offsideplus.az-a O.Hüseynzadənin özü məlumat verib.
Həmyerlimiz sabahkı qarşılaşmada UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Təlimata əsasən, oyundan öncə danışmaq hüququna malik olmadığını nəzərə çatdıran O.Hüseynzadə fikirlərini qısa çatdırıb: "Mən artıq İstanbuldayam. Sadəcə, UEFA-nın qaydalarına görə, "Qalatasaray" - "AZ Alkmaar" görüşü barədə danışa bilmərəm. Təkcə onu deyə bilərəm ki, UEFA nümayəndəsi kimi Türkiyəyə ikinci səfərimdir. 2023-cü ildə Konfrans Liqasının qrup mərhələsində "Fənərbaxça"nın Danimarka təmsilçisi "Nördçelland"la matçına təyinat almışdım. Yadımdadır ki, həmin oyun "Fənərbaxça"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı".
O.Hüseynzadə bildirib ki, UEFA nümayəndəsi kimi əsas vəzifəsi qarşılaşmanın təşkilati işlərinə nəzarət etmək, təhlükəsizlik məsələlərini diqqətdə saxlamaq və bununla bağlı qitənin ən ali futbol qurumuna hesabat göndərməkdir.
UEFA-nın həmyerlimizə "Qalatasaray"la oyunda etimad göstərməsindən sonra Azərbaycan futbol həvəskarları sözügedən şəxslə daha yaxından maraqlanırlar. Qeyd edək ki, O.Hüseynzadə Azərbaycan futbolunda heç də yad sima deyil. O, futbol sahəsində fəaliyyətinə 2004-cü ildə AFFA-nın Beynəlxalq Əlaqələr şöbəsində başlayıb. Daha sonra artıq tarixin yaddaşına köçmüş "Standard" və "Olimpik"də rəhbər vəzifələrdə çalışıb. 2017-ci ildə "Neftçi" PFK-nın prezidenti təyin olunan O.Hüseynzadə burada 1 il fəaliyyət göstərib.
Onu da əlavə edək ki, "Qalatasaray" - "AZ Alkmaar" görüşü sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. "Cim Bom" ötən həftə ilk oyunda 1:4 hesabı ilə uduzub.