Gündəm

Mehdiyevin “qara planlar” qurduğu bağ evi - milyonlarla rüşvət, kəşfiyyat şəbəkəsi, çevriliş planı, şantaj və nələr...

post-img

PA-nın sabiq rəhbərinə irəli sürülən ittihamlar ağır və düşündürücüdür, çünki söhbət 87 yaşlı şəxsdən gedir – O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər, Mehdiyev isə…

Ramiz Mehdiyevin ən ağır maddələrlə ittiham irəli sürülərək barəsində 4 aylıq ev dustaqlığı qərarı əslində sensasiya olmadı. Çünki uzun illər, ən azı 1995-ci ildən ta 2019-cu ilədək toxunulmaz statusda olan Mehdiyev “hər şeyə qadir tilsimli çubuğunu” da Prezident Administrasiyasından uzaqlaşdırılanda faktiki itirmişdi. “İtirmişdi” deyirik, amma məhz həmin ilin oktyabrında Mehdiyev bir vaxtlar katibi olduğu Təhlükəsizlik Şurasında bu dəfə üzv statusu almışdı. Adı bu gün səhərədək də yenə rəsmi olaraq o siyahıda qalır, amma qara rənglənərək, çox ilginc, həm də simvolik. Yeri gəlmişkən, Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavinidir.

Siyasət olimpinin zirvəsindən düşürülən Mehdiyev bu dəfə AMEA-da prezident kürsüsünə oturdu. Milli Elmlər Akademiyası zatən uzun illər onun “arxa baxçası” olmuş, burada bütün titullu təyinatlar, elmi adlar, rəhbərlik kürsüsü, İdarə Heyətinə üzvlər məhz Mehdiyevin rəsmi və ya qeyri-rəsmi razılığı ilə baş tuturdu. AMEA Mehdiyevin “son qalası”, hələ hakimiyyətdə təsirlərini saxladığını, “bəlkə də qaytardılar” kimi rəvayətləri yaşadacaq “ocaq” idi. Mehdiyev tezliklə buranı da intriqaların mərkəzinə çevirdi, “arzuolunmaz adamları” uzaqlaşdırmaq üçün hətta maliyyə yoxlamaları başlatdı, “büdcə pullarının yeyilməsi” adı altında bəzilərini qorxu və təhdid altında saxlamaq istədi. Amma bütün bu proses tezliklə özünün əleyhinə çevrildi, gözləmədiyi adamlar belə, ən yüksək tribunalardan Mehdiyevin istefaya getməsini tələb etdi. Mehdiyev mifinin bu dəfə “külləri” də AMEA-da göyə sovruldu, burada ağsaqqal “yüngülsaqqal” edildi. Mehdiyev əlbəttə ki, müqavimət göstərmək də istədi, amma anladı ki, zamanı bitib.

Mehdiyevin mümkün həbsi ilə bağlı xəbərlər də istefa ərizəsi yazıb AMEA-nı tərk etdikdən sonra mediaya yol tapdı. “Mehdiyevin həbsi gözlənilir” kimi xəbər başlıqları daha qadağan olunmuş mövzu deyildi, həm də “od olmayan yerdən tüstü çıxmaz” məntiqi idi. Mehdiyevin başı üzərində təhlükə olduğunu bu günlərdə baş prokuror Kamran Əliyev də yada salmışdı. Baş prokuror adını çəkməsə də, məhz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrlə bağlı (2019–2021) bir neçə cinayət araşdırması aparıldığını demişdi. Dünən gecə “Mehdiyev həbs edildi” xəbərini ilk görənlər də zənnimcə, mənim kimi, onun AMEA-dakı cinayətlərə görə məsuliyyətə cəlb edildiyini düşünüb. Amma sən demə, Mehdiyev indi o qədər ağır maddələrin təsiri altında ittiham edilir ki…

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. Bu ittihamlar düşündürücüdür. Çünki söhbət 87 yaşlı şəxsdən gedir. Amma onun adı Ramiz, soyadı Mehdiyevdirsə, rəy dəyişir. Bu da sizə daha bir Mehdiyev mifi… O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər. Mehdiyev isə…

Mehdiyevin sovet-kommunist Azərbaycanı aparatında ideoloji katib işləyəndən “birinci şəxs” arzusu şübhəsiz olub. Amma Mehdiyev görünür, həm də xarakterinə görə birinci şəxslərin yanında “ikinci olmağa” üstünlük verib, buna görə də Azərbaycan hakimiyyətində “boz kardinal” titulu qazanıb.

Nəhayət, Mehdiyevdən danışırıqsa, onun sirli bağını yada salmaqda da fayda var. “Mehdiyevin bağı”nda hətta müxalifətin taleyinin də həll olunduğu haqda iddiaları köhnə hərakatçılar, köhnə kəşfiyyatçılar, köhnə yazarlar unutmayıb yəqin. Mehdiyev və çevriliş etmək üçün topladığı tərəfdarları da bu dəfə də o bağdan çıxarlarsa…

İstintaqın rəsmi məlumatlarını gözləyək.(Musavat.com)

Bunlarla yanaşı Paytaxt.org siyasi şərhçi Akşin Kərimovun dediklərinə istinadən bildirib ki, "Adnan Əhmədzadənin həbsi, ardınca Ramiz Mehdiyevlə bağlı qərar Rusiyanın kəşfiyyat şəbəkəsinə qarşı aparılan əməliyyatın mühüm mərhələlərini təşkil edir"

“Ehtimalla, əvvəldən Rusiya ilə güclü əlaqələrə malik olan Ramiz Mehdiyevin öz evini siyasi-kəşfiyyat qərargahına çevirməsi Kremlin təlimatları əsasında reallaşıb. Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar da bunu deməyə əsas verir və göstərir ki:

1. Ramiz Mehdiyev Azərbaycan Respublikasına qarşı fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən koordinator olub,

2. Ramiz Mehdiyev kəşfiyyat hücrələrini aktivləşdirərək Azərbaycanda sabitliyi pozacaq addımlar üçün ictimai rəy kampaniyası başladıb.

Son zamanlar bəzi fiqurların Rusiyaya qarşı kəskin mövqedə dayanması da həmin kampaniyanın elementi olub, yəni Rusiyanı hər söyən şəxslərin ictimai müzakirələrdə cəmiyyəti üz-üzə qoyan açıqlamalar verməsi, hələ onların Rusiyaya qarşı nifrətini göstərmir. Bu, sadəcə olaraq ictimai rəyin fərqli kontekstə yönləndirilməsi, bununla da Rusiya kəşfiyyat subyektlərinin yolunu açmağa hesablamış əməllərin bir fraqmentidir.

Rusiyaya gəlincə, Azərbaycan Ramiz Mehdiyevi dustaq etməsi üçün əlində güclü arqumentləri Kremlə təqdim edibmiş kimi görünür.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Düşənbə görüşündə də müzakirə predmeti ola bilərdi.

Beləliklə, Putinin iradəsinin nə olmasından asılı olmayaraq, Azərbaycan Respublikası milli maraqları üstün tutaraq Ramiz Mehdiyevin fəaliyyətini blokladı.

Hətta bir az da irəli gedərək iddia etmək olar ki, Vladimir Putin bundan sonra AZAL təyyarəsinin vurulmasında təqsirkarları təyin edərkən səs-küy doğuran təmizləmə əməliyyatına başlayacaq. Lakin ehtimalla Putin məsələni Qərb kəşfiyyatının Rusiyada kök salmış hücrələrinə qarşı əməliyyat modeli kimi hüquqi təfsirlərlə təsvir edəcək”.

Oxşar xəbərlər