Manşet

İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - Video

post-img

Gədəbəyin Aytala kəndində sahibkar Lalə Sultanovaya məxsus tikililərin rayonun memarı Əlövsət Bayramovun göstərişi ilə söküldüyünü xəbər vermişdik. Sahibkar bildirmişdi ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən heç bir məhkəmə qərarı olmadan konstruksiya ilə yığılmış “A-Frame” tipli 2 ev və 8 söhbətgahı uçurulub. Əmlaklarının dağıdılması nəticəsində Lalə Sultanovaya ümumilikdə 60 min manat ziyan dəyib.

Materialda həmçinin qeyd olunurdu ki, Gədəbəy rayon İcra Hakimiyyətinin memarı Əlövsət Bayramov vəzifəsindən sui-istifadə edərək Başkənd gölünün ərazisində özü üçün restoran tikdirib. O, restorana qanunsuz olaraq qaz xətti də çəkdirib.

Bakupost.az -ın əməkdaşı hazırda davam edən bu qarşıdurma ilə bağlı bir sıra detalları dəqiqləşdirmək, həmçinin son vaxtlar Gədəbəydə sahibkarlara qarşı baş verənlər barədə əlavə məlumat almaq üçün Lalə Sultanova ilə əlaqə saxlayıb.

L.Sultanovanın sözlərinə görə, icra hakimiyyəti nümayəndələri onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə icazəsiz daxil olublar:

"İyunun 9-da biz dağa gəzməyə getmişdik. Bizə məlumat verdilər ki, torpaq sahənizə tanımadığımız adamlar gəliblər. Biz araşdırdıq, məlum oldu ki, onlar Şəmkir Regional Meşə Təsərrüfatı Xidmətinin əməkdaşlarıdır. Gəlib dedilər ki, siz meşə fondunun ərazisini zəbt etmisiniz. Mən də dedim ki, çıxarışlarım var.

Bakupost.az

Sonra GPS vurdular, təyin etdilər ki, bura meşə fondunun ərazisi deyil. Buna baxmayaraq, icra hakimiyyəti bu gün camaatı, cənab Prezidenti aldadır ki, ora meşə fondunun ərazisinə düşür. Kənddə Baş plana uyğun olaraq vətəndaşların xüsusi mülkiyyətinə torpaq sahələri verilib. Ora meşə fondunun ərazisi deyil. Bunu Şəmkir Regional Meşə Təsərrüfatı Xidmətinin əməkdaşları da təsdiq etdilər və İcra Hakimiyyətinə də bildirdilər. Sonra icra hakimiyyətinin əməkdaşları, şəhərin bələdiyyəsinin sədri Zülfüqar Yusubov, şəhərin icra nümayəndəsi Elduz müəllim gəldi.
Bakupost.az

Baxdılar ki, bura həqiqətən meşə fondunun ərazisi deyil. Onlar bura gələndə həmin o modul evləri görüblər. Söhbət istifadə olunan evlərdən gedir. Damı var, metal boruların üzərində yerləşir və 1 ildən çoxdur mövcuddur. Dedilər, sən niyə bunu bizdən icazəsiz tikmisən? Mən də dedim, tikinti etməmişəm, sadəcə, metal boruların üzərinə modul evləri yerləşdirmişəm. Bu da müvəqqəti xarakter daşıyır. Bura mənim kölgələnməyim, daldalanmağım üçündür. Mən niyə daşınar əmlak üçün icazə almalıyam? Onu da xüsusi mülkiyyətimdə olan torpağa qoymuşam. Xüsusi mülkiyyətlə bağlı qərarları mülkiyyətçi verir. Qanunu pozmuşamsa, gəl, məni inzibati cərimə elə, yaxud məhkəməyə ver. Məhkəmə qərar versə ki, bu evlər buradan çıxarılmalıdır, mən götürəcəyəm.

Bakupost.az

Amma bütün bunlara əhəmiyyət vermədilər. Dedilər ki, elə şey yoxdur, biz icra hakimiyyəti olaraq qərar qəbul etmişik ki, ya həmin evləri oradan götürməlisiniz, ya da biz onları dağıdacağıq".


Bakupost.az

Şikayətçi bu hadisədən sonra Prezident Administrasiyasına teleqram vurub və icra hakimiyyətinin özbaşınalığına son qoyulmasını xahiş edib:

"Bildirdim ki, mənə “evini dağıdacağıq” deyərək hədə-qorxu gəlirlər. Ondan sonra polisə, 112-yə məlumat verdim ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə məni qorxudurlar, deyirlər, gəlib sənin evini sökəcəyik".

Bakupost.az

L.Sultanova məsələ ilə bağlı yaydığı videolar, eləcə də rayonun baş memarının ondan rüşvət tələb etməsindən də danışıb:

“Məni İcra Hakimiyyətinə dəvət etdilər. Orada Əlövsət müəllim əlinin içindəki vərəqdə yazılmış 10 min rəqəmini göstərdi. Mən də dedim ki, nəyə görə verməliyəm? Dedi, yox, siz bizdən icazə almalı idiniz. Gəlin, məsləhətləşək, haqq-hesabı gətir, mən rəhbərliyimə məruzə edim. Prezident Aparatından isə mənə dedilər ki, icra başçısının bunlardan xəbəri olmayıb. Guya başçıya düzgün məlumat verməyiblər, aranı qızışdırıblar, başçı etdiyi əməldən peşmandır. Deyirlər, gəlin, sizi barışdıraq. Belə mövqedədirlər".


Buna baxmayaraq, şikayətçi hələ də ona təzyiqlərin olduğunu iddia edir:

“Əlövsət müəllimin bacısı başqa bir adamla səs yazısı göndərib, deyir ki, Əlövsət onun anasını ağladacaq. Mənə hədə-qorxu gəlirlər, qarayaxma kampaniyası aparırlar, ictimaiyyət arasında hörmətdən salmaq, mənfi fikir formalaşdırmaq məqsədilə ayrı-ayrı kanallarla haqqımda yalan məlumatlar yayırlar".

L.Sultanova sosial şəbəkələrdə geniş müzakirə olunan baş memarın qaçışına dair videodan da danışıb:

"Hadisə o videonu paylaşmazdan 1 gün əvvəl olmuşdu. Səhər tezdən məlumat aldım ki, şəhərin baş memarı Əlövsət müəllim Başkənd gölünün ətrafını zəbt edib. Deməli, buna hər şey olar, bu adam qanunsuz tikinti apara, anklav əraziyə qanunsuz qaz çəkdirə bilər? İctimai iaşə obyektinə qaz, işıq çəkilməsi üçün texniki şərt tələb olunur. Amma baş memar qanunsuz iş görüb. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti gəlib həmin ərazilərə GPS vura bilmir. Azərbaycanın GPS sistemində həmin ərazi görünmür. Əvvəllər anklav olduğuna görə ora sistemdə yoxdur, həmin əraziyə çıxarış verilməsi mümkün deyil. Orada qanunsuz fəaliyyət göstərən restoranın çıxarışı olmadığına görə çəkilmiş qaz xətti də qanunsuz sayılır. Ona görə də mən getdim, orada çəkiliş edib paylaşdım. Həmin obyektə gedəndə təsadüfən özü də orada idi. Məni görəndə bildi ki, onu çəkəcəyəm, obyektin ona aid olduğunu bütün respublika biləcək, ona görə də qaçdı.

Bu adam anklav ərazini, Azərbaycan Ordusunun hərbi təlim mərkəzini zəbt edib, özü üçün restoran tikə, qanunsuz qaz, su, işıq çəkdirə bilər, amma digər vətəndaşlara boruların üzərində nəsə yerləşdirmək qadağandır. Halbuki qanunla bu qadağan deyil, hamımız hüquqi dövlətdə yaşayırıq. Bu adam göldə balıqların hamısını kütləvi şəkildə qırıb. Məndə videosu var, balıqlar hamısı ölü şəkildə üzə çıxıb. Deyir ki, ora bir nəfər adam gəlib balıq tutmasın. Bütün camaat onun əlindən qan ağlayır. Şəhid ailəsi olan bir qadının gölün ətrafında balaca taxta budkası var imiş, gəlib həmin budkanı dağıtdırıb. Xanıma deyib ki, bura mənimdir, heç kim girə bilməz.

Bunda başqa onun Arabatı kəndi ərazisində “Mor-Mor” suları sexi var. Deməli, həmin su sexində antisanitariya şəraiti var, bunlar bütün Azərbaycan əhalisini zəhərləməklə məşğuldurlar.

Bakupost.az

Çaydan gələn o çirkab suları doldurur, qablaşdırır və bütün respublikada “Mor-Mor” suları adı ilə satışını təşkil edirlər. Mən yerində çəkiliş etmişəm. Suyun üzərində çirkab, mənşəyi bilinməyən kimyəvi maddələr parıldayır.

Bakupost.az


Əlövsət müəllim qardaşı oğlu, Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri, mənim evimi uçuran Fuad Bayramovla birgə düz çayın hövzəsində beton töküb 4 mərtəbəli otel tikdiriblər.

Bakupost.az

Orada "pekarni" da tikirmişlər, görüblər, biz kəndə çəkiliş etməyə gəlirik, onu dayandırıblar, ustalar qaçıb gedib. Saratovkada yolun mühafizə zolağında 3 boksdan ibarət obyekt tikib, onu da çəkmişəm. Hərbi hissə ərazisinin demək olar ki, hər yerini zəbt edib, onun kənarında 2 mərtəbəli ev tikib. Bundan başqa, 370 hektar Başkənd ərazisini qanunsuz olaraq zəbt edib, yataq tikib. Bütün mal-qarasını aparır ora, camaatın yerində də otarır. Yəni öz torpaqları kifayət etmirmiş kimi, kənd camaatının da yerinə gedir. Bu adamın cinayətkar dəstəsi var. Mənə dedilər ki, Lalə xanım, ehtiyatlı olun, bunun öz adamları var, bunlar konkret başqa-başqa işlərlə məşğuldurlar, sizə hər dəqiqə ziyan vura, xəsarət yetirə bilərlər.

Mən bunların hamısının əmlaklarının siyahısını ümumiləşdirirəm, dəyəri bəlkə də 2 milyonu aşır. Bakı şəhərində üç yerdə evi var bu adamın. Xarici maşınları, saysız-hesabsız traktorları, "Kamaz"ları, başqa texnikaları var... Bu adam icra hakimiyyətinin memarıdır, məgər bu qədər əmlakı vəzifə maaşı ilə əldə edib? Bax, bunu ondan soruşmaq lazımdır".

Baş memar Əlövsət Bayramovun Gədəbəyin icra başçısı Orxan Mürsəlovun qayınatası olduğu barədə məlumatlara gəlincə, L.Sultanova buna əmin olmadığını bildirib:

“Mən icra başçısının onun qayınatası olduğuna əmin deyiləm, onu camaatdan eşitmişəm. Əmin olmadığım şeyi demək istəmirəm. Çünki bu onların ailə məsələsidir. Amma mənim evimi uçuran traktorçunun, yəni Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Fuad Bayramovun şəxsin Əlövsətin qardaşı oğlu olduğunu dəqiq bilirəm. Əmi ilə qardaşoğlu birlikdə cinayətkar dəstə yaradıblar. Bir gün əvvəl mən prokurorluğa məlumat vermişdim, “961” qaynar xəttinə bildirmişdim ki, əmlakıma hər hansı ziyan dəyərsə, mən orada intihar edəcəyəm. Evim söküləndə onların gözünün qabağında üstümə benzin tökdüm. Bədənimdə yanıq xəsarətləri var, bu gün də izləri qalır. Hələ bunu ictimaiyyətə açıqlamamışam, gözləyirəm ki, bəlkə bunlar yığışarlar. Gördülər ki, üstümə benzin tökdüm, polislər gəldi, əllərimi tutdular, qoymadılar, özümü yandırım. Buna baxmayaraq, yenə də cinayət əməllərini davam etdirdilər, evimi sökdülər. Özümü aciz hiss etdim. Ali təhsilli hüquqşünasam, öz dövlətimdə hüquqlarım bu şəkildə pozulur. Bütün orqanlara yazmışdım ki, bunlar əmlakımı dağıtmaq istəyirlər. Heç kim reaksiya vermədi. Bəs mən nə etməli idim? Psixoloji durumum artıq o deyildi. Bunların hədə-qorxularından bezmişdim”.

Şikayətçi Baş Prokurorluqda olduğunu, iyulun 3-də isə Prezident Administrasiyasında qəbulda olacağını bildirib:

"Ümid edirəm ki, məsələ öz həllini tapar. Mənə 60 min manat maddi ziyan dəyib. Mən istəyirəm ki, səsim cənab Prezidentə çatsın. Dövlət Təhlükəsizliyi Xidməti araşdırsın, bunların qanunsuzluqlarını müəyyən etsin və bu cinayətkar dəstə üzvləri başqa insanlara da zərər vermədən vaxtında zərərsizləşdirilsin”.

Qeyd edək ki, ittihamlarla əlaqədar Gədəbəy RİH-dən bildiriblər ki, sözügedən tikililər qanunsuzdur və onların sökülməsi ilə bağlı aidiyyəti qurumlar birgə tədbir görüblər:

“Bakı şəhər sakini Lalə Sultanova Gədəbəy şəhərində meşə ərazisinə yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahəsində torpağın təyinatını dəyişdirmədən, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla sahibkarlıq məqsədilə tikinti işləri aparıb.

Tikinti işlərinin dayandırılması ilə bağlı Lalə Sultanovaya dəfələrlə xəbərdarlıq olunmasına və qanunla torpaq üzərində müəyyən edilmiş hüquqları pozmasının nəticələri barədə izah verilməsinə baxmayaraq, o, özbaşına tikinti işlərini davam etdirdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Fövqalə Hallar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə özbaşına tikintinin qarşısı alınıb.

Lalə Sultanova qanunsuz əməllərini ört-basdır etmək, ictimai fikri çaşdırmaq məqsədilə müxtəlif sosial şəbəkə hesablarında Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli məlumatlar yaydığı üçün onun barəsində hüquqi tədbirlər görülməsi üçün məhkəməyə müraciət olunub. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

BakuPost

Oxşar xəbərlər