Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının təşəbbüsünü nəzərə alan parlament dövlət başçısına 21 iyun müraciətində Milli Məclisin buraxılmasını və növbədənkənar seçki təyin olunmasını istəyib.
Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidir.
Parlament 125 deputatdan ibarətdir, onların hamısı seçki dairələrindən mandat alır.
Konstitusiyaya görə, 18 yaşına çatmış ölkə vətəndaşı Milli Məclisin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin deputat seçilməsi yasaqdır.
Deputatlığa namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, müvafiq seçki dairəsində daimi yaşayan, seçki hüququ olan vətəndaşlar irəli sürə bilər. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür.
Seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, müvafiq seçki dairəsi üzrə seçki 2 ay müddətinə təxirə salınır.
Səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, seçki birmandatlı seçki dairəsində ən geci 3 ay müddətinə təxirə düşür.
Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş sayılır.
Qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda birmandatlı seçki dairəsi üzrə seçki baş tutmamış hesab edilir.
Birmandatlı seçki dairəsi üzrə seçkilər bu hallarda etibarsız sayılır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında.
Seçkinin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.
Milli Məclisin səlahiyyət müddəti 5 ildir.
2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb, 2019-cu il dekabrın 5-də bu hüququndan istifadə edib və altıncı parlament növbədənkənar səsvermədə – 2020-ci il fevralın 9-da seçilib.
Növbəti parlament seçkisinin 2024-cü il noyabrın 3-də keçirilməsi gözlənirdi. Ancaq yenidən növbədənkənar seçki mexanizmi işə düşüb.