Dünya

Putinin bu gün işdən qovduğu nazir özünü öldürdü – ŞOK TƏFƏRRÜATLAR

post-img

Rusiya prezidenti Vladimir Putinin bu gün vəzifəsindən azad etdiyi nəqliyyat naziri, Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.

Musavat.com-un da xarici və rus mənbələrinə istinadla xəbər verdiyi kimi, 53 yaşlı nazirin cəsədi bu gün Moskva vilayətinin Odintsovo şəhər dairəsində şəxsi avtomobilində tapılıb.

Rusiya İstintaq Komitəsi hadisə yerində araşdırma aparır və ilkin versiya kimi intihar ehtimalını təsdiqləyib.

İstintaq Komitəsi yaydığı açıqlamada bildirib:

“Bu gün Odintsovo şəhər dairəsində Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Vladimiroviç Starovoytun odlu silah yarası almış cəsədi şəxsi avtomobilində aşkar edilib. Hadisə yerində müstəntiqlər işləyir, baş verənlərin bütün təfərrüatları araşdırılır”.

Hadisə elə bu gün, Vladimir Putinin Starovoytun nəqliyyat naziri vəzifəsindən azad olunması ilə bağlı fərmanı imzalamasından dərhal sonra baş verib.

Xatırladaq ki, Starovoyt cəmi 1 il iki ay əvvəl, 2024-cü ilin mayında nəqliyyat naziri postuna gətirilmişdi. O, bundan əvvəl 2018-ci ildən 2024-cü ilin may ayınadək Kursk vilayətinin rəhbəri olmuşdu.

Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon da bu mövzuya xüsusi diqqət yetirib. Onun Telegram kanalında dərc olunan məlumatda bildirilir ki, Starovoyt bir neçə gün əvvəl, iyulun 5-də qızının iştirak etdiyi idman yarışına gəlib. Ancaq pozuq və pərişan halda görünüb, cəmi bir saat qalıb, qızını qucaqlayıb və çıxıb gedib. Bundan sonra ailəsi ilə əlaqəsi kəsilib.

Ukrayna mətbuatında xüsusi vurğulanır ki, Starovoytun rəhbərlik etdiyi Kursk vilayətində Ukrayna ordusu cəmi üç tank atəşi ilə möhkəmləndirilmiş müdafiə zolağını yarıb keçmişdi. Üstəlik, regionun yeni qubernatoru Aleksey Smirnov artıq korrupsiya ittihamı ilə həbsdədir. Ona sərhəddə müdafiə qurğularının tikintisi üçün ayrılmış azı 1 milyard rublun (təxminən 12 milyon dollardan çox) mənimsənilməsi ilə bağlı ittiham irəli sürülüb.

Niyə intihar etdi?

Hazırda əsas versiya intihardır. Hadisənin Putinin onun işdən çıxarılması barədə sərəncam imzaladığı gün baş verməsi, həmçinin ailəsinə son günlər qəribə davranışlar sərgiləməsi bu ehtimalı gücləndirir. Lakin Rusiya mediasında və ictimaiyyətində bununla bağlı müxtəlif versiyalar dolaşır – yüksək səviyyəli korrupsiya araşdırmalarından tutmuş, Ukrayna cəbhəsindəki fiaskoya görə yaranan siyasi təzyiqlərə qədər.

İstintaqın rəsmi yekun açıqlaması hələ gözlənilir.


Oxşar xəbərlər