Gündəm

ABŞ və Avropa İttifaqı Azərbaycana dəstəklərini artırmalı olacaqlar - BAŞQA YOLU YOXDUR...

post-img

İsrailin İranın Suriyadakı konsulluq binasına raket zərbəsi və nəticədə bu iki ölkə arasında artan gərginlik Brüsseldə ABŞ - Avropa İttifaqı - Ermənistan üçlü görüşünün əhəmiyyətini azaltdı. İran İsrailə zərbə vurmağa hazırlaşır. İsrail İranın mümkün həmləsini cavabsız qoymayacaq. Bu halda ABŞ müttəfiqi İsraili dəstəkləmək məcburiyyətində qalacaq. Bu arada, İrandakı mərkəzlərin İsrail-Azərbaycan əməkdaşlığına görə Bakını hədələməsi Vaşinqtonun və Brüsselin diqqətindən yayınmayıb. İsraillə tərəfdaşlığa görə İranın Azərbaycana qarşı hər hansı təxribatı olarsa, ABŞ və Avropa İttifaqı Azərbaycana dəstəklərini artırmalı olacaqlar.


Bölgədə bunlar yaşanarkən, Ermənistanın baş naziri Nikol Paşinyanı Brüsselə dəvət edən ABŞ və Avropa İttifaqı rəsmiləri Azərbaycanı narazı salmamağa çalışdılar. ABŞ İran üzrə elçisini Bakıya göndərdi, dövlət katibi Entoni Blinken Brüssel görüşündən iki gün əvvəl prezident İlham Əliyevə zəng etdi. Vaşinqton və Brüssel rəsmi Bakının narahatlığını azaltmaq üçün diplomatik fəallıqlarını artırdılar. Təsadüfi deyil ki, Vaşinqton və Brüssel İrəvana təhlükəsizlik təminatı vədini vermədilər, ayırdıqları 250 milyon avro və 65 milyon dollar isə Ermənistanın iqtisadi problemlərini və İrəvanın Rusiyadan iqtisadi asılılığını azaltmaq üçün kifayət etməyəcək. Beynəlxalq aləm üçün əsas mövzu İsrail-İran gərginliyi, iki ölkə arasında toqquşma ehtimalı və bölgədə İsrailin tərəfdaşlarını qorumaqdır, Ermənistanı Rusiyadan qorumaq mövzusu arxa plana keçib.

Elxan Şahinoğlu - dia-az.info

Oxşar xəbərlər