Gürcüstanda siyasi mübarizə yeni mərhələyə daxil olub.
Paytaxt.org xəbər verir ki, baş nazir İrakli Kobaxidze 14 dekabrda prezident seçkilərinin keçiriləcəyini elan edərək, bu seçkilərin ölkədəki siyasi qarşıdurmanı həll edəcəyinə ümid etdiyini bildirib.
Lakin hazırkı prezident Salome Zurabişvili bu plana qarşı çıxıb və yeni prezidentə səlahiyyətlərini təhvil verməkdən imtina edəcəyini bəyan edib. Zurabişvili ölkədə legitim parlament olmadığını irəli sürərək, seçkilərin nəticələrini tanımayacağını dolayısı ilə ifadə edib.
Kobaxidze isə Zurabişvilinin dekabr ayının sonunda prezident sarayını tərk etməli olduğunu vurğulayıb. O, seçkilərin Gürcü xalqının iradəsinə uyğun olaraq bütün konstitusiya orqanlarını yenidən formalaşdıracağını qeyd edib.
Lakin vəziyyət bir qədər fərqli görünür. Gürcüstan aylardır siyasi gərginlik və qarşıdurmaların mərkəzindədir və görünən odur ki, bu mübarizə yaxın vaxtlarda sona çatmayacaq.
Gürcüstanın siyasi arenasında gedən bu mübarizə ölkənin daxili sabitliyini ciddi şəkildə təhdid edir. Ölkənin prezidenti Salome Zurabişvili Fransa vətəndaşıdır və bəzi tənqidçilər onun gürcü xalqının maraqlarından çox, xarici təsirlərlə hərəkət etdiyini iddia edir. Zurabişvili indiki hökuməti, xüsusilə də baş nazir Kobaxidzeni küçə etirazları və inqilab cəhdləri ilə devirməkdə maraqlı görünür.
Mövcud hakimiyyət isə Zurabişvilini seçki yolu ilə siyasi arenadan kənarlaşdırmağı planlaşdırır. Hakimiyyət bir zamanlar müttəfiq olduğu Zurabişvilinin legitimliyini və toxunulmazlığını 14 dekabrda keçiriləcək seçkilər vasitəsilə bitirməyi hədəfləyir. Bu, Gürcüstanda uzun müddətdir davam edən “kim kimi” mübarizəsinin bir hissəsi kimi görünür.
Siyasi mütəxəssislər bildirirlər ki, bu qarşıdurma prezident seçkiləri ilə məhdudlaşmayacaq. Çünki tərəflər arasında qarşılıqlı etimadsızlıq dərinləşib və bu, ölkənin gələcəkdə daha böyük siyasi böhranlarla üzləşə biləcəyini göstərir. Gürcüstanın indiki vəziyyəti həm daxili, həm də beynəlxalq müstəvidə narahatlıq doğurur.
Musavat.com-a görə, bu siyasi savaş, hətta seçkilərdən sonra da, ölkənin hər bir müstəvisində davam edəcək. Gürcü xalqının gələcək siyasi stabilliyi bu mübarizənin hansı istiqamətdə nəticələnəcəyindən asılıdır.
Musavat.com